A–
Tərtər, 31 yanvar, AZƏRTAC
Ötən il Tərtər şəhərinin prospekt və küçələrində geniş abadlıq-quruculuq işləri aparılıb, müxtəlif növ ağac və gül kolları əkilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Həmçinin şəhərdəki ictimai binaların dam örtüyü yenidən qurulub.
Bu məlumat rayon icra hakimiyyətinin Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2015-ci ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağında səsləndirilib.
Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə Sahib Həsənovun məruzəsində bildirilib ki, abadlıq və yenidənqurma işləri aparılan prospekt və küçələrdə rabitə xətləri texniki normaya uyğun işlənib və yeraltı kabellər kanalizasiya quyularına köçürülüb. Şəhərdə müxtəlif güclü 10 transformator məntəqəsi yenilənib, M.Hüseynzadə və E.Hüseynov küçələrində hava xətlərinin 7,8 kilometri SİP kabellə əvəz edilib. Hazırda şahmat məktəbinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriyanın və uşaq bağçasının binalarının inşasında son tamamlama işləri aparılır. “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrası da uğurla davam edir.
Yığıncaqda çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, cari ildə qarşıda duran vəzifələrdən danışıblar.
