A+
A–

Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsində qalib olan “Gənclər üçün Azərbaycan bayrağı mükafatı” adlı layihənin final mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi inşa, şeir və rəsm müsabiqələri vasitəsilə gəncləri onlarda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində həvəsləndirmək olub.
Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Layihənin rəhbəri Səbinə Tahirova, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf və “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə çıxış edərək belə layihələrin gənclərin fərdi inkişafına verdiyi töhfələrdən danışıblar. Onlar bayrağın bir ölkənin var olmasında önəmli atribut olduğunu vurğulayıblar.
Qeyd edilib ki, müsabiqədə qaliblər xüsusi təyin olunmuş ekspertlər tərəfindən seçiliblər.
Şeir nominasiyası üzrə Nuray Şəmiyeva, inşa nominasiyası üzrə Cəmil İmranov, rəsm nominasiyası üzrə Toğrul Quliyev birinci yerə sahib olublar. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıblar.