A+
A–

Qusar, 3 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusarda Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu”nun fəaliyyət istiqamətləri və rayonda onların iştirakı ilə keçiriləcək tədbirlər müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Qusar rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Mədəniyyət və Turizm Şöbəsinin tabe müəssisələri üzrə 70-ə yaxın gənc iştirak edib.
Tədbirdə çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbramxəlilov və Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova gəncləri rayonun mədəni həyatında daha yaxından iştiraka dəvət ediblər. Bildirilib ki, regionlarda mədəniyyət müəssisələri tərəfindən göstərilən mədəni xidmətlərin müasirləşdirilməsi üçün bir sıra addımlar atılır. “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” da məhz bu istiqamətdə səmərəli və çevik koordinasiya işlərinin aparılmasını təmin etmək üçün yaradılıb. Qrup mədəniyyət müəssisələri arasında daha effektiv koordinasiya işlərinin aparılmasına, əməkdaşların fəaliyyətinin stimullaşdırılmasına və onların potensialından daha səmərəli istifadə olunmasına xidmət edəcək.
Görüşdə gəncləri maraqlandıran məsələlər müzakirə olunub, təkliflər qeydə alınıb.
Sonda qrup üzvü olan gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.