Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun Milli.Az-a müsahibəsi

- Bu gün Prezident İlham Əliyevin Azərbaycanda Maliyyə Bazarlarına Nəzarət Palatası adlı publik hüquqi şəxsin yaradılması barədə fərmanı imzalayıb. Fərmana əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi qüvvəyə mindiyi gündən 3 dövlət qurumu - Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv ediləcək. Bu yenilik ölkənin maliyyə bazarında hansı dəyişikliyə səbəb ola bilər?

- Belə bir qurumun yaradılması çoxdan gündəlikdə var idi. Çünki biz Milli Məclisdə mütəmadi olaraq maliyyə nəzarəti mexanizmi haqqında danışırdıq, hətta bununla bağlı qanun layihəsinin qəbul edilməsini istəyirdik. Nəhayət, cənab prezident tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması və 3 dövlət maliyyə qurumunun ləğv edilməsi barədə fərmanlar verildi. Dövlət başçısı son iclaslarda özəlləşdirmə məsələsinə də toxundu və bununla əlaqədar xüsusi proqramın hazırlanmasına dair göstəriş verdi. Özəlləşməyə çıxarılacaq bir sıra müəssisələr dövlət müəssisələri olduğu üçün bura investisiya yatırılması, o cümlədən qiymətli kağızlar bazarının daha da genişləndirilməsi nəzədə tutulurdu. Əlbəttə ki, qiymətli kağızlar bazarı maliyyə bazarının bir hissəsini təşkil etdiyi üçün bu cəhətdən onun inkişafına böyük şərait yaradılır.

Digər tərəfdən, baxmayaraq ki, sığorta bazarı ilə bağlı müəyyən qanunlar qəbul etmişik, amma bu sahədə müəyyən problemlər var. Nəzarət mexanizmi aşağı səviyyədədir. "İcbari sığorta haqqında" Qanun da qəbul etsək də, insanlar, demək olar ki, əmlaklarını sığorta etdirmək istəmirlər. Burada ciddi problemlər, bürokratik əngəllər var.

Maliyyə Monitorinqi Xidmətinə gəlincə, bu xidmət, demək olar ki, bank sistemində maliyyə nəzarət mexanizmini, çirkli pulların yuyulmasına nəzarəti və s. həyata keçirirdi. Son vaxtlar, xüsusilə də devalvasiyalardan sonra Azərbaycanın maliyyə bazarında müəyyən problemlər peyda olub. Ona görə də maliyyə bazarında nəzarət vahid mərkəzdə cəmləşdirilməli və prezidentə tabe edilməli idi. Hələ Maliyyə Monitorinqi Xidməti yaradılanda onun birbaşa cənab prezidentə tabe edilməsini təklif etdik ki, bütün məlumatlar birbaşa ona çatdırılsın və lazım olanda maliyyə bazarında operativ şəkildə müəyyən dəyişikliklər etmək mümkün olsun.

Ona görə də hesab edirəm ki, belə bir Palatanın yaradılması çox müsbət haldır. Əvvəla, bu indiki vəziyyətdə həm struktur islahatlarının tərkib hissəsidir, həm də maliyyə bazarına nəzarət və onun inkişafına xidmət edəcək. Görürsüz, son vaxtlar Azərbaycanda xaricə çıxarılan valyutanın miqdarı kəskin artıb. Leqal və qeyri-leqal yollarla ölkədən xeyli vəsait çıxarılır. Eyni zamanda, daxildə müəyyən maliyyə problemləri var. Ona görə də fikrimcə, yeni yaradılacaq Maliyyə Bazarlarına Nəzarət Palatası bunların öhdəsindən gələ biləcək.

- Dövlət başçısı, həmçinin Azərbaycan Respublikasının Prezident yanında Apellyasiya Şurasının yaradılması haqqında da fərman imzalayıb. Bu fərman ölkədə sahibkarlığın inkişafı və onların problemlərinin həlli baxımından necə təsir göstərə bilər?

- Apellyasiya Şurasının yaradılması sahibkarların müraciətlərinə baxılması sahəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayətlərin verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədi daşıyır.

Əvvəllər belə bir təklif var idi, iqtisadi fəaliyyətə dəstək vermək üçün Prezidentin yanında İqtisadi Şura yaradılsın və ora görkəmli iqtisadçılıar, hüquqşünaslar, ümumiyyətlə, bazar iqtisadiyyatı sistemini yaxşı bilən insanlar cəlb edilsin. İndi bu Apellyasiya Şurası formasında yaradılır. Mən Prezident yanında Apellyasiya Şurasının yaradılmasına böyük əhəmiyyət verirəm. Çünki sahibkarlar müəyyən maneələr, bürokratik əngəllər və ya müəyyən ödəmə orqanları, vergi, gömrük sistemi və ya icra orqanları ilə bağlı problemlər olanda istədiyi vaxt birbaşa bu Şuraya müraciət edə bilərlər. Bu quruma nəzarəti də birbaşa dövlət başçısı həyata keçirəcək. Görülən işlər barədə hər ay 1 və ya 2 dəfə prezidentə məlumat verilir və sonda müəyyən qəralar qəbul edilir. Mənə belə gəlir ki, bu Şura çox fəal olacaq və düşünürəm ki, biz çox qısa müddətdə dövlət başçısının bu fərmanlarının müsbət təsirini görə biləcəyik. Fikrimcə, həm maliyyə bazarına nəzarət, həm də sahibkarların problemlərinin həlli ilə bağlı müsbət nəticələr əldə olunacaq.

İlkin İzzət
Milli.Az