A–
Bakı, 3 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin nəzdindəki Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin (RETTM), Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK), Bakı Dövlət Universitetinin (BDU), WWF, GIZ, ENPİ FLEG və “EkoSfera” SEC ekspertləri tərəfindən, respublikada fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, gənc turistlər və diyarşünaslıq mərkəzləri direktorlarının iştirakı ilə “Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib.
RETTM-dən AZƏRTAC-a bildiriblər ki, fevralın 1-dən 3-dək keçirilən seminar beynəlxalq və yerli təcrübə əsasında fasiləsiz ekoloji təhsil sisteminin təşkili, bu sahədə strateji fəaliyyət istiqamətləri, birgə əməkdaşlıq, təcrübə mübadiləsi, ekoloji təhsil və turizm sahəsində yeni təlim üsulları və metodların tətbiqi, müxtəlif layihələrin müzakirəsinə həsr edilib.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik, Turizm və Diyarşünaslıq mərkəzlərinin direktoru Firuzə Sultanzadə ekoloji təhsil sahəsində görülmüş işlər barədə ətraflı məlumat verib.
Seminarda gələcək inkişaf strategiyası, ekoloji və turizm mərkəzlərinin respublika şəbəkəsinin yaradılması perspektivləri müzakirəsi olunub.
Qeyd olunub ki, tədbirin Mərkəzi Elmi Kitabxanada keçirilməsi təsadüfi deyildir. MEK ekoloji təhsil və beynəlxalq təcrübəyə dair müasir elmi araşdırmalar toplanan zəngin məlumat bazasına malik ən müasir təlim və tədris proqramlarının həyata keçirilməsi üçün uyğunlaşdırılıb. Eyni zamanda, kitabxana tərəfindən həyata keçirilən Milli Rəqəmsal Yaddaş layihəsi Azərbaycanda ekoloji hərəkat, ölkə ekologiyası və diyarşunaslıq sahəsində reallaşdırılmış fəaliyyətlərin, əldə olunmuş nəaliyyətlərin gələcək nəsillərə olduğu kimi ötürülməsini təmin etmək məqsədi daşıyır.
Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin təşəbbüsü ilə AMEA Mərkəzi Elmi Kitabxanası və RETTM arasında anlaşma memorandumu barədə razılıq əldə olunub. İlk birgə tədbir kimi məktəblilər üçün qış ekoloji məktəbi təşkil edilib. Eyni zamanda, əməkdaşlıq çərçivəsində respublika üzrə ekoloji tərbiyə və təcrübəçilik, turizm və diyarşünaslıq mərkəzlərinin inkişaf perspektivləri mövzusunda seminar keçirilib.
Tədbirdə Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, şöbənin sektor müdiri Ayla Həsənova, BDU-nun dosenti Sevinc Hümbətova, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Biomüxtəlifliyin İdarə Olunması Proqramının rəhbəri Oliver Kögler, ekspertlər Aleksandra Jozef, Elməddin Namazov, Dünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin direktoru Elşad Əsgərov, bu qurumun əməkdaşı Sevinc Saruxanova, ENPİ FLEG Proqramının ölkə üzrə əlaqələndiricisi Azər Qarayev təqdimatlarla çıxış edərək ekoloji təhsil və turizm sahəsində strateji istiqamətləri müzakirə ediblər.
Seminarda ekosistem xidmətləri, biomüxtəlifliyin qorunması, meşə ekosistemlərinin mühafizəsi və bərpası, ali və orta təhsil müəssisələrində ekologiyanın əlaqəli tədrisi barədə ətraflı məlumat verilib. Pedaqoji kadrlarla ekoloji mövzuların tədrisi, kütləvi tədbirlərin keçirilməsi, ətraf mühitin mühafizəsi, uşaq turizmi sahəsində dövlət qurumları və ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi və digər məsələlər barədə geniş müzakirələr aparılıb.
Tədbirin sonunda iştirakçılara ekoloji vəsaitlər təqdim olunub.



