A+
A–

Praqa, 5 fevral, AZƏRTAC
Praqa şəhər məhkəməsi livanlı Əli Fəyyadın dərhal azad edilməsi haqda qərar çıxarıb. Ədliyyə naziri Robert Pelikan Əli Fəyyadın Birləşmiş Ştatlara ekstradisiya olunmasından imtina edib (orada onun ömürlük həbs cəzasına məhkum edilmək təhlükəsi gözlənilir). Praqa şəhər məhkəməsinin mətbuat katibi Marketa Putsi Çex radiosuna müsahibəsində bildirib ki, məhkəmənin qərarı saxlanılmış digər şəxsə - Xalid Marabiyə də aiddir.
Xatırladaq ki, Ukrayna pasportu ilə Çexiyaya gəlmiş Əli Fəyyad terrorçularla əməkdaşlıq etməkdə ittiham olunaraq 2014-cü ildən Çexiya həbsxanasında saxlanılır. Keçən il dekabr ayında ölkənin Ali Məhkəməsi Fəyyad, Marabi və təqsirləndirilən üçüncü şəxsin – Jaberin ABŞ-a verilə biləcəyini təsdiq edib.
Müdafiə naziri Martin Stropnitski “Hospodářské noviny” qəzetinə verdiyi müsahibədə təsdiqləyib ki, Livandakı Çex vətəndaşlarının azad edilməsi üçün Əli Fəyyadın ABŞ-a verilməsindən imtina edilməsi şərti irəli sürülüb. Nazir deyib: “Əgər Fəyyad Birləşmiş Ştatlara verilməsə, 5 nəfərin hamısı buraya sağ-salamat qayıdacaq”. Nazirin bu sözlərindən iki saat sonra Praqa şəhər məhkəməsi ilyarım bundan əvvəl terrorçularla əlaqə saxlamaqda şübhə doğuran livanlının həbsdən dərhal azad edilməsi barədə qərar çıxarıb. Ədliyyə naziri Robert Pelikan yuxarıda göstərilən hadisələr arasında əlaqə olmasını təsdiqləməsə də, Fəyyadın azad edilməsi barədə Birləşmiş Ştatların səfirinə məlumat verildiyini etiraf edib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa