Bakı, 13 fevral, AzərTAc
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ölkədə təhsilin məzmununun yaxşılaşdırılmasına yönələn mühüm dövlət sənədidir. Təhsil strateji məsələdir. Bu sənədi Azərbaycan təhsilinin Avropa və dünya səviyyəsinə qaldırılmasında mühüm hadisə kimi qiymətləndirirəm.
Bu sözləri Azərbaycan Müəllimlər İnstitutunun prorektoru, professor Ramil Əliyev AzərTAc-a müsahibəsində bildirib.
Prorektor qeyd edib ki, müəllim hazırlığının yüksək səviyyədə olması Azərbaycanın gələcək inkişafı deməkdir. Bunun isə yolu Dövlət Strategiyasından keçir. Təhsil sisteminin inkişafı onun idarəedilmə funksiyasının, infrastrukturunun, strateji istiqamətlərinin düzgün yerinə yetirilməsindən asılıdır. Məhz bu işlərin sayəsində təhsilin yüksək səviyyədə inkişafına nail olmaq mümkündür.
Azərbaycan elminin təhsilimizlə əlaqələndirilməsi keyfiyyət baxımından mühüm nəticələrin alınması deməkdir. Bu isə Dövlət Strategiyasının əsas müddəalarından biridir.
R.Əliyev bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 2015-ci il 19 yanvar tarixli Sərəncamı cəmiyyətdə böyük razılıqla qarşılanıb. Bu mühüm dövlət sənədindən irəli gələn vəzifələr, göründüyü kimi, çoxşaxəlidir və milli təhsilimizin inkişafı üçün yeni üfüqlər açır. İnanıram ki, hər bir təhsil işçisi qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində məsuliyyət və qətiyyət nümayiş etdirəcək, təhsilimizin inkişafına öz töhfəsini verəcəkdir.