Bunu Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç fevralın 12-də Bakıda Cənub qaz dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşündə deyib.
Onun sözlərinə görə, bu gün Avropa İttifaqında apardığımız hesablamalara görə, istifadə etdiyimiz qazın 66 faizi, neftin isə 90 faizi idxal edilir. Gələcəkdə isə Avropa İttifaqına idxal etdiyimiz qazın həcmi 84 faiz, neftin həcmi isə 94 faiz olacaq. Yaxşı bilirsiniz ki, idxal edilən neft və qazın əsas hissəsi üç qonşumuzdan - Rusiya, Norveç və Əlcəzairdən daxil olur. Lakin onu da açıq söyləməliyik ki, Ukraynadakı hazırkı böhran vəziyyəti daha da mürəkkəbləşdirdi. Biz mütləq olaraq şaxələndirməni əvvəlkindən daha çox genişləndirməliyik. Elə indicə mən bolqar həmkarlarımızı salamladım, birinci gün Sofiyada onlarla görüş keçirdik. Bu toplantı şuranın qərarı ilə keçirildi. Çünki uzun illər ərzində müzakirə olunan ən iri layihələrdən biri olan “Cənub axını” layihəsinin təxirə salınması ilə bağlı qərar qəbul edilmişdir. Bu layihə baş tutmadı və bu baxımdan Cənub-Şərqi Avropanın həssaslığını göstərdi. Bu problemi biz həll etməliyik. Avropa İttifaqının üzvü olan bütün dövlətlərin enerji təhlükəsizliyinə, Avropa enerji sisteminə real inteqrasiyasını təmin etməliyik. Belə qərara gəldik ki, Avropanın cənub-şərq hissəsindəki üzv dövlətlərin ən azı üç müxtəlif enerji mənbələrinə çıxışına zəmanət verəcək tədbirlər planı iyunda hazırlansın. Bu halda şaxələndirmə və sabit enerji platforması haqqında danışmaq olar.
Əlbəttə ki, biz hazırda həyata keçirilən “Cənub” qaz dəhlizi layihəsinin uğuruna və tempinə böyük ümidlər bəsləyirik. Buna görə də hesab edirəm ki, bu layihə üçün Məşvərət Şurası ideyası əla ideyadır. Şadam ki, bu gün biz konsorsiumdakı biznes tərəfdaşlarımızla da konkret məsələləri müzakirə edəcəyik. Mənbə
ANS PRESS