Yenil İl, Şaxta Baba, yolka ağacı: İsa peyğəmbərə “hə”, digərlərə “yox” - ARAŞDIRMA

Yenil İl, Şaxta Baba, yolka ağacı: İsa peyğəmbərə “hə”, digərlərə “yox” - ARAŞDIRMA
10:19 31 Dekabr 2014
259 Sosial
Ölkə mətbuatı
A- A+

 

İlin yenilənməsi dünyanın əksər ölkələrində qeyd edilir. Bayramın əsas atributları ağ, uzun saqqallı baba və küknar ağacıdır. Ölkəmizdə Şaxta baba kimi tanıdığımız mifik obrazın müxtəlif dillərdə 38 adı var. Məsələn, ABŞ-da və Kanadada Santa Klaus, İspaniyada Papa Noel, Macarıstanda Mikulas adlanır. İranda və Əfqanıstan isə yeni il babasını Baba Noel və Baba Çakalo kimi tanıyırlar.

 

 

Yeni ilin qeyd olunması İsa Məsihin doğumu ilə adlandırılsa da, ölkəmizdə əksəriyyət təqvimin dəyişməsi kimi qeyd edir. Hətta peyğəmbərin dekabr ayında dünyaya gəlməsi də mübahisəlidir. Bəzi araşdırmaçılar İncilə və Qurani Kərimə ayələrinə əsaslanaraq, Məryəm oğlu İsanın dekabrda deyil, oktyabrda dünyaya gəldiyini iddia edir.

 

 

 

Uzun əsrlər tarixi olan Yeni illə bağlı müxtəlif maraqlı ənənələr var. İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı isə ata zibil atmaq bəhanəsi ilə evdən çıxır və Yultomten - Şaxta baba obrazında geri qayıdır, uşaqlara hədiyyələr paylayır.

 

 

 

İtaliyada uşaqların Şaxta babaları yox, Bexan adlı Şaxta nənələri var. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz, ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə ev əşyalarına hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, yeni ilin astanasında bütün pis fikirlərdən və köhnə əşyalardan xilas olmaq lazımdır.

 

 

Finlandiyada Yeni il süfrəsi gavalı kiseli və düyü sıyığı olmadan təsəvvür edilmir. İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına üzüm yeməyə axışır. Ənənəyə əsasən hər kəs 12 salxım üzüm yeməlidir. Eləcə də bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur. İnanca görə, şər qüvvələr tələyə düşərək köhnə ildə qalır. Rusiyada Yeni il ənənəsinin əsası I Pyotrun əmri ilə qoyulub. Göstərişə əsasən, ruslar bayram axşamı küknar ağacı da bəzəməliydilər.

 

 

“Bayramlar qrup daxili bütövlüyü, həmrəyliyi tərənnüm etmək üçün fenomendir. Milli, etnik, dini, beynəlxalq, hətta transmilli zəmində olan bayramlar vardı. Bayramların özünü xüsusi ehtiva xüsusiyyətlərindən biri müxtəlif mərasimləri vardı. Mərasimlər insanlar tərəfindən kütləvi şəkildə qəbul edilir, birlikdə əylənilir, şadlıq edilir. Bayramların elə bir möhkəm xüsusiyyəti var ki, onların müəyyən mənada qarşısını almaq çox çətin olur”.

 

 

Bunu politoloq Ceyhun Mahmudlu APA.TV-nin “Yaşıl orta” verilişinin bayram buraxılışında deyir.

 

 

 

Onun sözlərinə görə, tarixdə də müəyyən ideologiyaya əsaslanan dövlətlər qurulduğu zaman müəyyən bayramlarla mübarizə aparırlar: “Zamanlar onlar təslim olur və həmin bayramları mənimsəyirlər. Məsələn, sovet dövründə Novruz bayramı, Ramazan bayramı”.

 

 

 

Qasımbəy məscidin imamı Hacı Samir Ağayev İslamın qeyri-dini bayramları münasibətini bilmək üçün mütləq o bayramlarda olan adət və ənənələri müzakirə etmək lazım olduğunu deyir: “Əgər o bayramlarda İslam görüşlərinə uyğun gələn əməllər və adətlər varsa, İslam onu qəbul edir. Amma İslam dininə, ideologiyasına zidd adətlər varsa, təbii ki, İslam ona yox deyəcək. Yeni ilə də eləcə”.

 

 

 

İmanın deyir ki, cahil ərəblər ilin dörd ayını haram bilib, həmin aylarda müharibə etmirmiş, qan tökmürlərmiş. İslam dini də gələndən sonra həmin adəti özününküləşdirib və Qurani Kərimdə qeyd olunur ki, ayların sayı on ikidir. Amma onun dördü haram aydır.

 

 

 

Politoloq Ceyhun Mahmudlu bildirir ki, Azərbaycanda Yeni il bayramı sovet ittifaqı qurulduqdan sonra qeyd edilməyə başlanılıb: “Yeni ilin qeyd edilməsi qərb təqvimi ilə əlaqədar bayramdır. Rusiyada bu bayram 1898-ci ildən başlayaraq qeyd edildi. 1926-30-cu illərdə Yeni ilin keçirilməsi qadağan edilsə də, 1947-ci ildən başlayaraq rəsmi bayram kimi qeyd olunur. Elə Azərbaycanda da o ildən bəri Yeni il rəsmi bayram kimi qəbul edilib, yeni adət-ənənələr mənimsənilməyə başlanılıb. Sovetlər dağılsa da, bu bayram bizə doğmalaşdı. Bu da normaldı. Sovet ittifaqı dağılandan sonra biz yeni bir cəmiyyət qurmağa başladıq. Tarixdən imtina etməmək də düzgün siyasət idi. Tariximizə baxsaq görərik ki, orta əsrlərdə İslamın təməlini qoyduğu, eyni zamanda sovet dövründə yaranmış adət ənənələrimiz var. Biz təbii ki, sovetlər dövründə bütün adət ənənələri mənimsəmədik. Amma bəzi xüsusiyyətlər var ki, onlar öz köklərini atmışdılar. Və biz onları qəbul etməli olduq. Yeni ilə gəldiyimizdə insanlar arasında müxtəlif fikrilər var. Biri deyir, bu bayram bizə lazım deyil, digəri isə əksinə”.

 

 

 

Görəsən, bu bayram həqiqətən də xristianların bayramıdırmı? Yoxsa, sadəcə təqvimin dəyişməsidir?

 

 

C. Mahmudlu deyir ki, Ruslarda Yeni ilin yanvarın birindən qeyd edilməsi I Pyotrun dövründən başlayıb: “Ona qədər sentyabrın birindən qeyd olunurmuş. Ondan əvvəl Milad bayramı vardı. Dekabrın 25-də qeyd olunurmuş. Yolka ağacı da ondan qalıb. Amma Şaxta baba simvolunun Milad bayramına aidiyyatı yoxdur. Qədim slavyanlarla bağlıdır”.

 

İlahiyyatçı Hacı Samir Ağayev İslamın heç vaxt yaxı adət-ənənələri inkar etmədiyini əlavə edir: “İslam dini gözəlliyi təbliğ edir. Yeni il bayramı cəmiyyətdə təqvimin dəyişməsi kimi qəbul olunur. Nəinki İsa Məsihin doğum günü kimi. İlin yenilənməsi də təzə tarixdir. Təzə tarixdə insan özü üçün dualar edə bilər, gələn ilin uğurlu olmasını diləyə bilər. İslam dini bunu qətiyyən qadağan etmir. İranda hicri təqvimdən istifadə olunur. Novruz bayramını yeni il kimi qəbul olunur. Onlarda gözəl adət var. Həmin günü məscidlərə, Məşədi ziyarətinə gedirlər və gələn ilin uğurlu olması üçün Allaha dualar edirlər, günahlarının bağışlanmasını diləyirlər. Biz də müsəlman kimi Yeni il bayramına belə yanaşsaq İslam təbii ki, buna yox deməyəcək. İsa Məsihin doğum gününə gəlincə, hər bir müsəlman bütün peyğəmbərlərin mövludlarını qeyd edə bilər. Eyni zamanda müsəlman öz peyğəmbərinin də doğum gününü qeyd etməlidir”.

 

 

 

 

“Müsəlman evində yolka bəzəyə bilərmi” sualını ilahiyyatçı belə cavablandırır:

 

- Xristianların inancına görə, həzrəti Məryəm İsa peyğəmbəri yolka ağacının altında dünyaya gətirib və orda heç bir yemək olmadığından Allah Təala yolka ağacında meyvələr yetişdirib. Qurani Kərimdə isə bu ağacın xurma olduğu qeyd edilib. Əgər dini bir prinsip kimi yanaşsaq müsəlmana icazə yoxdur ki, bunu o şəkildə qeyd eləsin. Amma xurma ağacı olsaydı, problem olmazdı.

 

 

 

“Həzrəti İsa Fələstin, Yaxın Şərqə gəlmişdi, amma xristianlıq dini qərbdə, Romada formalaşdı. İsa peyğəmbər dini gətirdi, Müqəddəs Pavel isə kilsəni formalaşdırdı. Bu zaman o çoxallahlı, qədim Roma üzərində bunu formalaşdırdı”, deyən C. Mahmudlu müxtəlif rəvayətlərin də həmin dövrdən formalaşdığını da bildirir: “Hər bir şəhərin öz tanrısı vardı. Məsələn, Santa Klaus da burdan gələ bilər”.

 

 

- Çin təqviminə görə, qarşıdan gələn yeni il keçi ilidir. “Keçi ili bərəkət gətirsin!”, “Keçi ruzi gətirsin!”, kimi dualar etmək düzgündürmü?

 

 

- Müsəlmanın bu cür dua etməsi təəssüfləndirici haldır. Qurani Kərimin birinci surəsində duanın necə olduğunu bizə öyrədir. Ümumiyyətlə, İslam dini bu şeylərlə mübarizə aparır. Allahdan başqasından istəmək, başqasını özünə rəbb bilmək. İnsan sırf Allahdan istəməlidir. Keçiyə dua etmək bütpərəstliyin əlamətidir. Şirk sayılır.

 

 

26 ildir ki, astrologiya elmi ilə məşğul olan astroloq Firudin Qurbansoy çox zaman yanlış olaraq, astrologiya elmi ilə ulduz falı eyniləşdirilir.

 

- Halbuki fal şeytan əməlidir və islama görə böyük günahlardan biridir. Münəccim öngörüşləri isə elmi araşdırmaların nəticəsidir. Belə insanlar bilirlər ki, nəyi nə vaxt etsələr onlar üçün yaxşı olar. Müqəddəs kitabımızda da deyilir ki, qeybi bilən Allahdır. Ancaq Allah qeybi deməkdə xəsis deyil.

 

31 dekabrda yolka qurmasanız da, Şaxta baba çağırmasanız da, həmin günü qeyd etməyimiz üçün möhtəşəm bir səbəbimiz vardı. 31 dekabr - Azərbaycanda həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Yeni ili qeyd etmək istəməyənlər bu günü qeyd edə bilərlər.

 

Hörmətli oxucular, Lent.az kollektivi olaraq sizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik edirik!

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR