Deputat bildirib ki, digər yerli vergi və ödənişlər üzrə daxilolmalar artıb: "Bu da o deməkdir ki, bələdiyyələr özünün əsas vəzifəsini dərk etməyə başlayıb. Artıq bütün var-güclərini və resurslarını vergi ödənişlərinin yığılmasına səfərbər ediblər. Eyni zamanda, 2015-ci ildə fiziki şəxslərin əmlak vergisindən 2014-cü illə müqayisədə 19,8 faiz artım olub. Nəzərə alaq ki, keçən ildən bütün ödəmələr bələdiyyələrə nağdsız şəkildə həyata keçirilir".
O əlavə edib ki, bələdiyyələrin konstitusion qurum olmasını heç kim unutmamalıdır: "Bələdiyyələrin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirləri qəti qəbul etmirəm. İndiki halda onlar vergini yığa bilmirsə, yeni səlahiyyətlər verilsə də, bunu yenə də yarımçıq edə biləcəklər. Əsas məsələ odur ki, onlar indiki mövcud yerli vergi və ödənişləri tam şəkildə yığa bilsinlər ki, dövlət onlara etibar edib yeni səlahiyyətlər verə bilsin. Bələdiyyə vergiləri mütləq şəkildə yığılmalıdır. Bunun üçün də vətəndaşlar vergini tam vaxtında ödəməlidir".