Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı, jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Cəbrayıl rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov, Bakı şəhər sakini, 1990-cu il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov, Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə ekspertlər dindirilib.

İlk olaraq ekspert Alim Hüseynov ilkin tibbi ekspertizanın rəyini açıqlanıb. O bildirib ki, Rasimin 5,6,7,8-ci qabırğaları sınıb. Sol ağciyəri və dalağı cırılıb, partlayıb. Sağ ağciyərində isə ciddi zədə olub. Mərhumun bədən səthində heç bir xəsarət olmayıb. Onda daxili qanaxma olub. Döş qəfəsinin sağ səthində qırıqlar olub. Qan maye halında qarın boşluğuna yığılıb.

Komisyon ekspertizanı aparan Ziyafəddin Məmmədov isə bildirib ki, o, R.Əliyevin meyitini görməyib, yalnız istintaq orqanlarının verdiyi iş materialları və tibbi rəy əsasında ekspertiza rəyi verib.

Bundan sonra Kənan Mədətovun müdafiəçisi vəsatət verib. O mərhum Rasim Əliyevin rentgen kağızının məhkəməyə təqdim olunmasını istəyib. Vəsatət təmin edilməyib.

R.Əliyevin vəkili Fariz Namazlı isə Rasimin döyülməsindən sonra 8-ci polis bölməsinə verdiyi ifadənin tapılıb materiallarına daxil edilməsini istəyib. Məhkəmə vəsatəti təmin edib. Bununla bağlı 8-ci polis bölməsinə sorğu göndəriləcək. Vəkilin digər vəsatəti isə R.Əliyevin döyüləndən sonrakı ilk videomüsahibəsinin iş materiallarına daxil edilməsi barədə olub. Bu vəsatət də təmin edilib.

Məhkəmə prosesi fevralın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyev orada vəfat edib. Həmin faktla bağlı Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev və futbolçu Cavid Hüseynov tutulub. Bir müddət sonra cinayət işinin materiallarından Cavid Hüseynovun cinayət işi ayrılaraq ayrıca icraata verilib.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.