A–
Bakı, 16 fevral, AZƏRTAC
“Azercell Telekom” MMC-nin Mobil Diş Klinikası qış aylarında fəaliyyətini davam etdirib. Kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərən klinikanın həkimləri təkcə dekabr və yanvar aylarında 200 xəstəni müayinə və müalicə ediblər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, dekabr və yanvar aylarında Mobil Diş Klinikasının həkimləri, həmçinin “İnternat məzunlarının sosial inteqrasiyası” (İMSİ) Gənclər İctimai Birliyinin üzvləri üçün pulsuz müayinə təşkil ediblər. Klinikanın həkimləri 67 nəfəri müayinədən keçirib və lazımi tədbirlər görüblər.
Qeyd edək ki, “Azercell Telekom” MMC bu klinikanın yaradılması layihəsini “Üfüq” Xeyriyyə Cəmiyyəti ilə birgə həyata keçirib. Fəaliyyət göstərdiyi 6 il ərzində layihə çərçivəsində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib və eyni zamanda, ehtiyac olduğu təqdirdə müalicə alıblar.
Azərbaycandakı uşaq evlərinin 90 faizinin ayrıca stomatoloji kabineti olmadığını nəzərə alaraq “Azercell” Mobil Diş Klinikası ən müasir tibbi avadanlıqla təchiz edilib. Respublikadakı bütün kimsəsiz uşaqlara yardım etməyi hədəfləyən klinikada indiyədək paytaxtla yanaşı, Şəki, Quba, Qusar, Balakən, Lənkəran və Lerikdəki internat məktəbləri və uşaq evlərində, o cümlədən Gəncədə SOS Uşaq kəndində, Biləsuvardakı qaçqın düşərgəsində və bu bölgələrdəki internat məktəblərində uşaqlara stomatoloji xidmət göstərilib.
azertag.az: “İnternat məzunlarının sosial inteqrasiyası” İB-in üzvlərinə pulsuz stomatoloji xidmət göstərilib