A–
Bakı, 16 fevral, P.İmanova, G.Məlikova, AZƏRTAC
UNESCO-nun 70 illik yubileyi münasibətilə 21 sentyabr-Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsinə yekun vurulub. Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) İnsan hüquqları və sülh problemləri üzrə UNESCO Mərkəzi ilə birgə keçirilib. Müsabiqənin məqsədi uşaq və gənclərin diqqətini Beynəlxalq Sülh Gününə cəlb etmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, xüsusi istedada malik uşaqları aşkara çıxarmaq və onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
AZƏRTAC xəbər verir ki, fevralın 16-da Estetik Tərbiyə üzrə Respublika Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və ən yaxşı rəsmlərdən ibarət sərgi keçirilib.
6-9, 10-14, və 15-18 yaş qrupları üzrə keçirilən müsabiqə əvvəlcə məktəbdaxili və rayon (şəhər) məktəbləri arasında təşkil olunub. Həmin mərhələdə birinci yerin qalibi olan işlər respublika mərhələsinə təqdim edilib. Respublika mərhələsində hər yaş qrupu üzrə doqquz qalib iş müəyyənləşib.
Müsabiqənin rayon mərhələsində ümumtəhsil və internat məktəblərinin şairdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak ediblər. Müsabiqənin respublika mərhələsinə təqdim olunan 674 rəsm işindən 27-si münsiflər heyəti tərəfindən qalib seçilib, 91 müəllifə isə xüsusi fərqlənmə sertifikatları verilib.
Qaliblərə Təhsil Nazirliyinin və DİA-nın İnsan hüquqları və sülh problemləri üzrə UNESCO Mərkəzinin birgə diplomu və hədiyyələr təqdim olunub.
Müsabiqədə seçilmiş ən yaxşı işlərin fotolarından ibarət kataloq hazırlanacaq.
azertag.az: “Sülh naminə birləşək!” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar
