A–
Bakı, 18 fevral, Elvin Camalov, AZƏRTAC
Mərkəzi Asiya və Ərəb Körfəzi vasitəsilə Avropa ilə Çini birləşdirən qədim İpək Yolunun bərpası, dəhliz boyu yerləşən ölkələrin bu layihədə iştirakı, o cümlədən Azərbaycanın regionda aparıcı nəqliyyat və yükdaşıma mərkəzinə çevrilməsi imkanları müzakirə edilib.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, bu müzakirələr fevralın 17-18-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan “Qədim Yollar – Yeni İmkanlar” mövzusunda Müstəqil Dövlətlər Birliyinin (MDB) Ümumdünya İşgüzar Forumu zamanı baş tutub.
Forum çərçivəsində Bakı Limanının baş direktoru Taleh Ziyadov “Tədarük zəncirinin dəyişdirilməsi- İpək Yolunun əhəmiyyəti” adlı paneldə məruzə ilə çıxış edib, limanın imkanları, əldə olunan nəticələr, limanın gələcək perspektivləri və planları barədə geniş məlumat verib.
Forumda həmçinin MDB ölkələrinin iqtisadiyyatının reallığa uyğunlaşdırılması, ölkələrin qeyri-neft sektorlarının inkişaf etdirilməsi məqsədilə mövcud imkanlardan istifadə olunması, qədim tranzit yollarının, habelə “Şimal-Cənub” nəqliyyat dəhlizinin gücləndirilməsi, neft dövründən sonrakı inkişaf prioritetləri, təchizat zəncirinin transformasiyasına İpək Yolunun təsiri, həmçinin bu istiqamətdə MDB ölkələrinin imkanlarının gücləndirilməsi və digər mövzularda müxtəlif panellər çərçivəsində müzakirələr aparılıb.
Qeyd edək ki, Forumda bır sıra böyük şirkət və təşkilatlarının rəhbərləri, iştirakçı dövlətlərin ayrı-ayrı sahələr üzrə rəsmi şəxsləri, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin yüksək səviyyəli rəsmiləri də daxil olmaqla 500-ə qədər iştirakçı təmsil olunub.
Ümumiyyətlə, son illər Bakı Limanının beynəlxalq standartlara cavab verən logistika və tranzit mərkəzinə çevrilməsi istiqamətində mühüm işlər görülür. Belə ki, Anverpen, Aktau, Batumi və digər qabaqcıl limanlarla qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalanıb, Dubay və Sinqapur limanlarının təcrübələri yaxından öyrənilib. Bakı Limanı Avropa İttifaqı, USAİD, UNDP, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və digər bu kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində müxtəlif layihələrin icrası istiqamətində addımlar atır və beynəlxalq tədbirlərdə iştirak edir. Liman 2010-cu ildən etibarən Beynəlxalq Limanlar Assosiasiyasının üzvüdür.
azertag.az: Azərbaycanın regionda aparıcı nəqliyyat və yükdaşıma mərkəzinə çevrilməsi imkanları müzakirə edilib