A+
A–

Şərur, 18 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Bəhruz Kəngərli adına Şərur şəhər Uşaq İncəsənət Məktəbində Şərur, Kəngərli və Sədərək rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələri nümayəndələrinin iştirakı ilə tədris işinin təşkili mövzusunda zona müşavirəsi keçirib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova müşavirədə qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin qarşısında uşaq musiqi məktəblərinin fəaliyyətinin gücləndirilməsi, ixtisaslı kadrların seçilməsi və düzgün yerləşdirilməsinin təmin olunması, milli dəyərlərimizin təbliği, turizm sektorunun inkişafı istiqamətində səylərin artırılması vəzifələri qoyulub.
Qeyd olunub ki, nazirliyin tabeliyində hazırda 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Bu məktəblərdən 6-sı Şərur, 2-si Kəngərli, 1-i isə Sədərək rayon Mədəniyyət və Turizm şöbələrinin tabeliyindədir. Həmin məktəblər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. 2015-ci ildə Sədərək rayon Uşaq Musiqi Məktəbi üçün yeni binanın istifadəyə verilməsi bu qayğının ifadəsidir.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində tədrisin səviyyəsinin yüksəldilməsi, məktəblərin maddi-texniki vəziyyətlərinin yaxşılaşdırılması, istedadlı uşaq və gənclərin aşkara çıxarılması və onların yaradıcılıq imkanlarının inkişaf etdirilməsindən danışan Natəvan Qədimova qeyd edib ki, nazirlik tərəfindən muxtar respublikanın uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri üçün “Vahid tədris proqramları” adlı vəsait hazırlanıb. Həmin tədris proqramları məktəblərə paylanılıb və işin bu əsasda qurulması təmin edilib.
Muxtar respublika Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Leyla Əlimərdanova Şərur, Kəngərli və Sədərək rayonlarındakı uşaq musiqi və incəsənət məktəblərində tədrisin səviyyəsi və təhsildəki nöqsanların aradan qaldırılması yollarından danışıb.
Sonra Şərur rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əli Qənbərovun, Kəngərli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məhərrəm Əliyevin və Sədərək rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Rəşad İsmayılovun çıxışları olub.
azertag.az: Şərurda mədəniyyət işçilərinin növbəti zona müşavirəsi keçirilib