Milli.Az-a müraciət edən oxuculardan biri Bakıda 63 nömrəli avtobus marşrutunun sürücülərindən və sərnişin nəqliyyatı sisteminə nəzarət edən qurumların işindən şikayət edib:
"Ən əsası da bu gün "10-TH-138" nömrəli avtobusu idarə edən sürücüdən şikayətim var. Bu marşrutun sürücüləri çox intizamsız hərəkət edirlər. Bizə adicə etik normalara əməl edə bilməyən, özünü digərlərindən üstün sayan, ağzı söyüşlü sürücülər "xidmət" göstərirlər. Dispetçerlə çox səviyyəsiz şəkildə, söyüşlü zarafatlar edirlər. Mən A.Abbaszadə küçəsində yaşayıram. Bakı Oksford Məktəbi də bu küçədə yerləşir. Biz oraya gələn maşınların əlindən ictimai nəqliyyatdan normal şəkildə istifadə edə bilmirik. 63 nömrəli avtobusun son dayanacağı oradır. Amma niyə mən avtobusa 2 dayanacaq qabağa gəlib ANS TV tərəfdən minməliyəm?! Nəyə görə sürücü avtobusu qulağında telefonla idarə edib mənim və digər sərnişinlərin həyatını təhlükəyə atmalıdır?! Nəyə görə mən mənzil başına çatana qədər həyəcan içində qalmalıyam? Niyə 20 dəqiqəlik yolu 40 dəqiqəyə getməliyəm? Niyə mən özümdən asılı olmayan səbəbə görə işə gecikməliyəm? Nə üçün buna görə müdirimdən əlavə söz eşitməliyəm?"
Digər sakin isə 36 saylı marşrut avtobuslarından, onların köhnə və narahat olmalarından şikayət edib:
"Şikayətim 36 saylı marşrutda fəaliyyət göstərən avtobuslardandır. Avtobuslar köhnə, bərbad vəziyyətdədir və tez-tez xarab olub yarıyolda qalırlar. Avtobusları yalandan üzdən rəngləyib xəttə buraxırlar. Onlar istismara yararlı deyil. Avtobusların salonundan benzin iyi gəlir. Bu isə insana çox pis təsir edir. Göz görə-görə niyə biz ciyərlərimizə benzin iyini çəkməliyik? Niyə ürəyimiz bulana-bulana o zir-zibil avtobuslarda getməliyik? Görunən odur ki, 36 saylı xəttin sahibi ancaq pul güdür, sərnişinləri isə düşünmür. Artıq 2016-ci ildəyik və möhtəşəm tədbirlər keçirilmiş ölkədə yaşayırıq. Paytaxtda belə avtobusların olması biabırçılıqdır. Niyə bu xəttin avtobusları yeni və ya normal, yararlı avtobuslarla əvəz olunmur?"
Pünhan Mirzə
Milli.Az