A+
A–

Ağdam, 25 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, fevralın 15-dən etibarən respublikada əhalinin kütləvi tibbi müayinəsinə başlanılıb. Müayinələri əsasən, terapevt, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator və sair müayinələrdən də keçirilir.
Ötən il fevralın 2-dən mayın 1-dək keçirilən müayinələr zamanı təkcə Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın və Xocavənd rayonları üzrə, ümumilikdə, 480 min 982 nəfər tibbi müayinədən keçib, onlardan 2451 nəfəri stasionar, 19 min 217 nəfəri ambulator müalicəyə cəlb edilib, 1510 nəfər müalicə üçün respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Novruz Abbasov AZƏRTAC-a bildirib ki, aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün böyük əhəmiyyəti var. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Odur ki, rayonun tibb işçiləri bu nəcib aksiyada fəal iştirak edirlər. Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Bundan başqa, səyyar həkim briqadaları tərəfindən qəsəbə və kəndlərdə də əhalinin müayinəsi aparılır.
Dövlətimizin başçısının Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən də minnətdarlıqla qarşılanır.
Tərtər rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev tibbi müayinələrin təşkilindən, həkim heyətindən, yaradılan şəraitdən razılıq edərək deyir: “Sağlam bədəndə sağlam ruh olar. Ölkə əhalisinin tibbi müayinəsi olduqca təqdirəlayiq işdir. Bu aksiya xüsusən yaşlı nəslin nümayəndələri tərəfindən böyük razılıqla qarşılanır”.
Xocavənd rayonundan olan məcburi köçkün Gültəkin Ağayeva isə fikirlərini belə ifadə edib: “Əhalinin sağlamlığının qorunmasına yönələn aksiya xocavəndli məcburi köçkünlər tərəfindən böyük rəğbətlə qarşılanır. Aksiya xəstəliklərin müəyyən edilərək vaxtında müalicə olunması baxımından çox əhəmiyyətlidir. İnsanların sağlamlığının qeydinə qaldığı üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Bu nəcib aksiya bir daha göstərir ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasında insan amili, vətəndaşların rifahının yaxşılaşdırılması, sağlamlığının qorunması dayanır. Son illər respublikada səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir, şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanalar, tibb məntəqələri tikilərək istifadəyə verilir, vətəndaşlara göstərilən səhiyyə xidməti yaxşılaşdırılır.
Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildən başlayaraq ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkar olunmasına və vaxtında müalicəsinə, beləliklə də, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Odur ki, Prezidentimizin “hər bir Azərbaycan vətəndaşı ildə azı bir dəfə həkim müayinəsindən keçməlidir” təşəbbüsü böyük əhəmiyyət kəsb edir.
Müayinələr respublikamızın hər yerində olduğu kimi, Qarabağ bölgəsində də uğurla həyata keçirilir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün rayonlarda xüsusi komissiyalar yaradılır, tibb ocaqlarında iş qrafiki tərtib edilir. Sakinlər rayon mərkəzi xəstəxanalarında, poliklinikalarda, müalicə diaqnostika mərkəzlərində, həmçinin iri kənd və qəsəbələrdəki səhiyyə ocaqlarında müayinə olunurlar. Yüksək ixtisaslı həkimlərdən ibarət həkim briqadaları yerlərdə əhalinin müayinəsini həyata keçirirlər.
Xatırladaq ki, əhalinin kütləvi tibbi müayinəsi mayın 2-dək davam edəcək.
AZERTAG.AZ :Əhalinin kütləvi tibbi müayinəsi xalqın sağlamlığına və gələcəyinə hesablanıb
Əhalinin kütləvi tibbi müayinəsi xalqın sağlamlığına və gələcəyinə hesablanıb
Əhalinin kütləvi tibbi müayinəsi xalqın sağlamlığına və gələcəyinə hesablanıb
Əhalinin kütləvi tibbi müayinəsi xalqın sağlamlığına və gələcəyinə hesablanıb
Əhalinin kütləvi tibbi müayinəsi xalqın sağlamlığına və gələcəyinə hesablanıb