A–
Bakı, 25 fevral, AZƏRTAC
“Hədəf” nəşriyyatında yeni kitablar - “Yuxu maşını”, “5.45”, həmçinin rus dilində “Ümidlərin izi ilə” detektiv romanı çapdan çıxıb.
Nəşriyyatdan AZƏRTAC-a bildirilib ki, tanınmış gənc naşir və yazıçı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin “Yuxu maşını” povesti fantastik janrda qələmə alınıb. Roman reallıq, yuxu ilə arzular və fantaziyalar arasındakı əlaqənin mövcudluğunu öz qəhrəmanının timsalında sübut edir.
Daha çox detektiv əsərləri ilə tanınan Müşfiq XAN nəşriyyatda yeni çapdan çıxan “5.45” kitabının müəllifidır. Kitabda müəllifin “Ünvansız sevgi”, “Sonuncu hədiyyə, “U geni”, “Yolka işığında qətl”, “Qatil üçün nekroloq”, “Milanaya məktub” və digər hekayələri toplanıb.
Hər iki müəllifin birgə əsəri olan və rus dilində çap olunmuş “Ümidlərin izi ilə” detektiv romanı isə Xocalı hadisələrinə həsr olunub. Kitabdakı “Girov qadının xatirələri” əsərində əsir düşərək Fransaya qədər aparılan Aytəkinin acı taleyi və keçirdiyi ağrılı günləri əks etdirən, 20 il boyunca hər an sevgilisi Aytəkinin xatirəsi ilə yaşayan keçmiş kəşfiyyatçı Ramilin yaşantılarından bəhs edilir.
Kitabları “Kitabevim.az” mağazalar şəbəkəsindən və digər kitab dükanlarından əldə etmək mümkündür.
AZERTAG.AZ :“Hədəf” nəşriyyatında yeni kitablar işıq üzü görüb
