Qobustanın qayalı landşaftı boyunca irəlilədikcə, sıldırım qayaların arasında yerləşən və sanki təbiətin bir hissəsinə çevrilən Diri Baba türbəsi diqqəti uzaqdan cəlb edir.

Metbuat.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Qobustan rayonunda yerləşən tarixi abidəyə keçirilən media tur zamanı jurnalistlər türbə kompleksi ilə yaxından tanış olub, onun tarixi, memarlıq xüsusiyyətləri, haqqında yaranan rəvayətlər və əsrlər boyu buraya göstərilən maraq barədə ətraflı məlumat əldə ediblər.

Qobustanın mistik türbəsi:

Yeddi əsrdən artıq tarixə malik Diri Baba türbəsi 1402-ci ildə Şirvanşahlar dövlətinin hökmdarı Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa olunub. Qayalıq ərazidə yerləşən abidənin memarlığı ətraf təbii relyeflə harmonik şəkildə birləşir. İki mərtəbədən ibarət türbənin birinci mərtəbəsində namazgah, ikinci mərtəbəsində isə əsas salon və vaxtilə şeyxin inzivaya çəkildiyi hücrəyə aparan giriş yerləşir.

Türbənin “Diri Baba” adlandırılması da əsrlərdir danışılan rəvayətlə bağlıdır. Bildirilir ki, burada xəlvətə çəkilərək ibadət edən şeyx dünyasını dəyişdikdən sonra onun bədəni uzun müddət çürüməyib. Yerli əhali də məhz buna görə həmin şəxsi “Diri Baba” adlandırıb. Zaman keçdikcə bu ad türbənin öz adı kimi tarixə düşüb.

Qobustanın mistik türbəsi:

Diri Baba türbə kompleksinin rəhbəri, Qoruqların İdarəetmə Mərkəzinin abidələrin idarə olunması üzrə baş mütəxəssisi Yusif Məmmədov media tur iştirakçılarına bildirib ki, türbə əsrlər boyu yalnız yerli əhalinin deyil, müxtəlif ölkələrdən gələn səyyahların və tədqiqatçıların da diqqətini çəkib:

Qobustanın mistik türbəsi:

“Diri Baba türbəsi 7 əsrlik tarixə malik abidədir və 1402-ci ildə Şirvanşah Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa edilib. Türbənin ‘Diri Baba’ adlandırılması burada inzivaya çəkilən şeyxlə bağlı yaranan rəvayətlə əlaqələndirilir. Rəvayətə görə, şeyx dünyasını dəyişdikdən sonra onun bədəni uzun müddət çürüməyib və yerli əhali onu ‘Diri Baba’ adlandırıb. Abidəni müxtəlif dövrlərdə Adam Oleari, Evliya Çələbi və Kornelius de Bruin kimi məşhur səyyahlar ziyarət edib, onun haqqında öz əsərlərində və qeydlərində məlumat veriblər. Türbənin ətrafında yerləşən mağaralarda isə vaxtilə sufilər və dərvişlər inzivaya çəkilib, buna görə də bu ərazi Xəlvətilik təriqəti ilə də əlaqələndirilir. Bu gün də Diri Baba türbəsi dünyanın müxtəlif ölkələrindən gələn turistlərin böyük marağına səbəb olur. Təkcə iyul ayı ərzində buranı 12 mindən çox xarici turist, 16 mindən artıq yerli ziyarətçi ziyarət edib”, – deyə Yusif Məmmədov bildirib.

Qobustanın mistik türbəsi:

Türbənin tarixi ilə bağlı diqqətçəkən məqamlardan biri də buranı ziyarət etmiş məşhur səyyahların qeydləridir. 1636-cı ildə alman səyyahı Adam Oleari Diri Baba türbəsində olub, abidənin qravürünü çəkib və onun haqqında məlumat verib. 1647-ci ildə isə məşhur Osmanlı səyyahı Evliya Çələbi buranı ziyarət edib. O, “Səyahətnamə” əsərində Diri Baba ilə bağlı müşahidələrini qələmə alıb və rəvayətlə bağlı gördüklərini təsvir edib. 1703-cü ildə holland səyyahı Kornelius de Bruin də türbəyə baş çəkən əcnəbi səyyahlar sırasında olub.

Qobustanın mistik türbəsi:

XIX əsrdə abidə artıq elmi tədqiqatçıların da diqqət mərkəzinə düşüb. 1861-ci ildə rus elmi ekspedisiyasının üzvləri – akademik Dorn və akademik Bartolomey Diri Baba türbəsində araşdırmalar aparıblar. Akademik Dorn həmin dövrdə türbənin fotoşəkillərini də çəkib.

Qobustanın mistik türbəsi:

Abidənin tarixinin müəyyənləşdirilməsində türbədə vaxtilə mövcud olmuş daş kitabə mühüm rol oynayıb. Türbənin birinci və ikinci mərtəbələri arasında yerləşən kitabənin rus elmi ekspedisiyası tərəfindən aparıldığı bildirilir. Sonradan kitabənin özü it-bata düşsə də, 1965-ci ildə azərbaycanlı tarixçi-epiqrafçı Məşədixanım Nemət Sankt-Peterburqdakı Ermitaj Muzeyində onun surətinə rast gəlib. Həmin kitabədə abidənin hicri 805-ci ildə, yəni miladi təqvimlə 1402-ci ildə Şirvanşah Şeyx İbrahim Xəlilullahın əmri ilə inşa edildiyi qeyd olunur.

Media tur zamanı jurnalistlərin diqqəti türbənin ətrafında yerləşən mağaralara da yönəldilib. Bildirilir ki, vaxtilə bu mağaralarda sufilər və dərvişlər xəlvətə çəkilərək ibadət ediblər. Bu səbəbdən Diri Baba kompleksi sufizmin Xəlvətilik təriqəti ilə də əlaqələndirilir.

Qobustanın mistik türbəsi:

Xəlvətilik ənənəsinin Azərbaycanda mühüm tarixi köklərə malik olduğu, bu təriqətin inkişafında Pir Ömər Xəlvəti və Seyid Yəhya Bakuvinin xüsusi rol oynadığı qeyd edilir. Seyid Yəhya Bakuvinin sistemləşdirdiyi Xəlvətilik ənənəsi sonrakı dövrlərdə onun müridləri vasitəsilə Anadoluya, Balkanlara və Şimali Afrikaya qədər yayılıb.

Əsrlər əvvəl səyyahların yolunu Qobustana salan Diri Baba türbəsi bu gün də marağını qoruyub saxlayır. Müxtəlif ölkələrdən gələn turistlər burada yalnız qədim memarlıq nümunəsini deyil, həm də əsrlərlə formalaşmış dini, mədəni və mistik irsi yaxından görmək imkanı əldə edirlər.

Gülbəniz Hüseynli / Metbuat.az