Bəzən insana yaşadığı şəhərdən, hər gün gördüyü insanlardan, eşitdiyi səslərdən və hətta öz düşüncələrindən uzaqlaşmaq lazım gəlir.
Özü də bunun üçün dünyanın o başına getməyə ehtiyac yoxdur. Bəzən cəmi bir neçə saatlıq yol səni elə bir yerə aparır ki, orada təkcə ətrafı yox, özünü də başqa cür görməyə başlayırsan.
Mənim üçün Lahıc belə yerlərdən biri oldu.

Payızın ikinci ayında, Böyük Qafqazın cənub yamaclarında yerləşən, Azərbaycanın qədim yaşayış məskənlərindən olan Lahıca səfər etdim. İsmayıllının bu kiçik qəsəbəsi özünəməxsus memarlığı, daş döşənmiş küçələri, sənətkarlıq ənənələri və əsrlərin izini daşıyan evləri ilə seçilir. Təxminən iki minillik tarixindən bəhs edilən Lahıcın inkişafı qədim ticarət yolları, o cümlədən İpək Yolu ilə bağlı əlaqələr və sənətkarlıq ənənələri ilə sıx bağlı olub.
Amma mən Lahıcı tarixi məlumatlardan daha çox orada hiss etdiklərimlə xatırlayacağam...
Qəsəbəyə qədəm qoyanda ilk diqqətimi çəkən dar daş küçələr, emalatxanalardan gələn çəkic səsləri, misdən hazırlanmış əşyalar və bütün bunların üzərinə çökmüş payızın xoş nəfəsi oldu. Sanki burada zaman şəhərdəki kimi tələsmirdi. İnsanlar harasa yetişmək üçün qaçmır, həyat öz axarı ilə davam edirdi.

Paytaxtın izdihamından, avtomobil səslərindən, gündəlik qayğılardan uzaqda bir neçə saat keçirmək belə insana qəribə bir dinclik verir. Bəzən beynimiz eyni məsələlərə o qədər fokuslanır ki, düşüncələrimiz də sanki paslanır. Lahıcda gəzərkən hiss etdim ki, insanın öz düşüncələrindən uzaqlaşması üçün bəzən sadəcə başqa bir mühitə düşməsi kifayətdir.
Lahıcın rəngarəngliyi də mənə fərqli göründü. Burada rəngarənglik bahalı vitrinlərdə, gözqamaşdıran işıqlarda deyil. Dar küçələrdə yan-yana düzülmüş mis qabların, köhnə evlərin, daş hasarların, sənətkar əllərinin yaratdığı əşyalardadır.
Küçələrdə gəzərkən qarşımıza çıxan emalatxanalardakı mis məhsulların bəzilərinin üzərini toz örtmüşdü. Onlara toxunanda qəribə hiss yaranırdı. Sanki bu əşyaların üzərində sadəcə toz yox, illərin izi qalmışdı. Kim bilir, o əşyaların hazırlanmasına nə qədər zəhmət sərf edilib, hansı ustanın əlləri onları formaya salıb, hansı ailənin dolanışığına çevrilib.
Məni ən çox düşündürən məsələlərdən biri də elə bu sənətin gələcəyi oldu.

Səfərimiz zamanı misgərliklə məşğul olan ustalardan birinin emalatxanasında qonaq olduq. Çəkicin mis üzərinə hər zərbəsi adi bir səsdən daha artıq məna daşıyırdı. Bu səslərdə illərin təcrübəsi, zəhməti, bir az da keçmişin nəfəsi vardı.
Usta ilə söhbətimizdən məlum oldu ki, bu sənətə gənclərin marağı əvvəlki qədər deyil. Özü uzun illərdir misgərliklə məşğul olduğunu, sənətin incəliklərini əsasən öz övladlarına öyrətdiyini bildirdi. Yəni onun tələbələri elə öz övladları olub.
Bu məqam məni düşündürdü. Çünki bəzən bir sənətin yox olması sadəcə hansısa peşənin unudulması demək deyil. Onunla birlikdə bir həyat tərzi, bir ailənin illərlə yaşatdığı ənənə, bir bölgənin yaddaşı da tədricən itir.
Lahıcın daş küçələri də elə bu yaddaşın bir parçasıdır.
Biz artıq gündəlik həyatımızda daş hasarlara, köhnə kənd evlərinə, həyətlərin təbii görünüşünə çox az rast gəlirik. Müasir tikililər, hündür binalar, eyni formada salınmış yaşayış kompleksləri getdikcə ətrafımızı dəyişir. Halbuki cəmiyyətlərin formalaşmasında tikililərin də böyük rolu var. Bir daş hasar, köhnə qapı, balaca həyət bəzən uzun tarix kitabının danışa bilmədiyi qədər çox şey söyləyir.

Lahıcdakı evlərə baxanda mənə elə gəlirdi ki, bu daş divarlar öz içərisində təkcə insanları deyil, onların səmimiyyətini, münasibətlərini, xatirələrini də qoruyub saxlayıb. Sanki keçmişə bir neçə saatlıq qonaq getmişdim.
Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Nəzər Əliyevlə də söhbət etmək imkanımız oldu. Onun sözlərinə görə, qəsəbəyə turist axını xüsusilə yaz və payız aylarında daha çox olur. Bizim səfərimiz də məhz belə bir dövrə təsadüf etmişdi.
Lahıca dünyanın müxtəlif yerlərindən, Avropadan, Asiyadan, Afrikadan, Amerikadan, hətta Avstraliyadan turistlərin gəldiyini öyrəndik. Küçələrdə gəzərkən bunun şahidi olmaq da mümkün idi.
Turistlər dayanıb şəkillər çəkdirir, misdən hazırlanmış əşyalara maraqla baxır, yerli sakinlərlə söhbət edir, müxtəlif otlar, bəzək əşyaları alırdılar. Bəziləri isə sadəcə dayanıb ətrafı seyr edirdi.
Mənə elə gəlir ki, onların da buraya gəlməkdə məqsədi yalnız tarixi tikililəri görmək deyildi. Bəlkə də onlar öz ölkələrində çoxdan itirdikləri hansısa hissi burada axtarırdılar.
Çünki Lahıcda insanın diqqətini çəkən yalnız gördükləri deyil, həm də hiss etdikləridir.
Məsələn, məni ən çox təsirləndirən məqamlardan biri insanların bir-biri ilə salamlaşması oldu. Küçədə qarşına çıxan tanımadığın adam sənə xoş söz deyir, gününün uğurlu keçməsini arzulayır, hətta evinə qonaq dəvət edir.
Bunlar ilk baxışdan çox adi görünə bilər. Axı salamlaşmaq, qonağa xoş münasibət göstərmək bizim qədim adət-ənənələrimizdəndir. Amma etiraf edək ki, gündəlik həyatımızda bu səmimiyyətə əvvəlki qədər tez-tez rast gəlmirik. Sanki şəhər həyatı bizi bir-birimizə qarşı bir qədər yadlaşdırıb. Eyni binada yaşadığımız insanları tanımır, bəzən üz-üzə gələndə belə salamlaşmağa vaxt tapmırıq. Lahıcda isə bu münasibətlər hələ də yaşayır.
Bir başqa məqam da diqqətimi çəkdi, Lahıcda insanlar görünməyə can atmırdılar...

Bəlkə də Lahıc haqqında ən çox düşündüyüm məsələ məhz bu oldu.
Biz elə bir dövrdə yaşayırıq ki, sanki hər kəs görünmək istəyir. Hamı öz həyatını nümayiş etdirməyə, gördüklərini göstərməyə, yaşadıqlarını başqalarına sübut etməyə çalışır. Bəzən elə bilirik ki, görünmürüksə, yaşamırıq. Lahıcda isə bunun tam əksini gördüm.
Çəkiliş zamanı bir neçə sakin görüntüyə düşmək istəmədiyini bildirdi. Hətta yaşlı bir kişinin dediyi söz yaddaşımdan uzun müddət silinməyəcək:
“Mən buradakı dirilərdən yox, ölülərdən həya edirəm”.
Bu cümlə məni xeyli düşündürdü. Bəlkə də insanın özünə, keçmişinə, yaşadığı torpağa və dəyərlərə münasibətini bundan daha təsirli ifadə etmək çətindir. Mən həmin kişinin sözlərində bir qədər təvazökarlıq, bir qədər həya, bir qədər də keçmişə sədaqət gördüm.
O an düşündüm ki, bəlkə də bizim problemlərimizdən biri həddindən artıq görünmək istəyimizdir. Həyatımızı yaşamaqdan çox, onu nümayiş etdirməyə çalışırıq.
Lahıcda isə insanların bir hissəsi sadəcə yaşamağı seçib. Öz işi, ailəsi, həyəti, sənəti ilə məşğuldur. Bunun kiməsə göstərilməsinə ehtiyac duymur.
Mən Lahıc haqqında tez-tez işlədilən bir fikirlə də tam razılaşmıram: guya bura keçmişlə müasirliyin vəhdətidir.
Əslində, mən Lahıcın daha çox keçmişi qoruyub saxlamasını sevdim. Bu, o demək deyil ki, müasirlikdən, texnologiyadan, inkişafdan uzaq qalmaq lazımdır. Əlbəttə, insanların rahat yaşaması üçün bütün imkanlar olmalıdır. Sadəcə düşünürəm ki, bəzi yerlər öz qədim simasını nə qədər çox qoruyub saxlasa, bir o qədər dəyərli olar.
Çünki hər yeri müasirləşdirmək mümkündür, amma hər yerdə keçmişi yenidən yaratmaq mümkün deyil.
Lahıcın mətbəxi, xüsusilə də müxtəlif otlardan hazırlanan çayları ayrıca bir söhbətin mövzusudur. Payız havasında, daş küçələrdə gəzdikdən sonra içdiyin bir fincan çayın dadı tamam başqa olur. O çayın içində sanki təbiətin öz qoxusu var. Bəzən insanın ruhunu dincəltmək üçün elə bir fincan çay, sakit bir mühit və tələsmədən edilən söhbət kifayət edir. Bu səfər zamanı özüm haqqında da bir şey düşündüm.
Əvvəllər mənə elə gəlirdi ki, yaşamaq üçün daha böyük şəhərlər, daha hərəkətli mühit, daha çox imkan lazımdır. İnsan nə qədər çox yerə gedirsə, nə qədər çox insan tanıyırsa, nə qədər aktiv həyat yaşayırsa, bir o qədər xoşbəxt ola bilər.
İndi isə bu barədə fikirlərim bir qədər dəyişib. Bəlkə də bir müddət sonra çox sakit bir qəsəbədə, təbiətin içində, sadə bir həyat yaşayaraq daha xoşbəxt ola bilərəm.
Çünki biz çox vaxt xoşbəxtliyi əldə edə biləcəyimiz maddi zənginliklərdə axtarırıq. Daha yaxşı ev, daha bahalı əşyalar, daha böyük imkanlar... Bütün bunların arxasınca qaçdıqca təbiətin bizə heç bir qarşılıq gözləmədən verdiyi zənginliyi görməyi unuduruq.
Halbuki insanın özünü yaxşı hiss etməsi üçün bəzən nə böyük evə, nə bahalı əşyaya, nə də səs-küylü əyləncəyə ehtiyacı var. Bir ağacın altında oturmaq, dağ havasını içinə çəkmək, tanımadığın bir insandan xoş söz eşitmək də insana xoşbəxtlik verə bilər.
Şəhərlərin yaratdığı rəngarəngliklə təbiətin bəxş etdiyi rəngarənglik arasında böyük fərq var. Birincisini insan yaradır, ikincisi isə bizə hazır şəkildə bəxş olunub. Mənə elə gəlir ki, biz çox vaxt birincinin arxasınca qaçarkən ikincinin dəyərini unuduruq.

Lahıcda gəzərkən bunları düşünürdüm. Bəlkə də bu hisslərin yaranmasında səfərin vaxtının da rolu vardı. Ola bilsin, insan həyatının müəyyən dövrlərində daha çox sakitliyə, özünə qayıtmağa ehtiyac duyur. Mənim Lahıca səfərim də elə belə bir vaxta təsadüf etmişdi.
Orada keçirdiyim bir neçə saat ərzində misgərlərin çəkic səsləri, köhnə daş küçələr, payızın rəngləri, insanların sadəliyi və səmimiyyəti bir-birinə qarışmışdı.
Qəribədir, adətən səfərlərdən qayıdanda gördüyümüz yerləri, çəkdirdiyimiz şəkilləri, aldığımız əşyaları xatırlayırıq. Mən isə Lahıcdan qayıdanda daha çox orada yaşadığım hissləri xatırladım.
Bəlkə də Lahıcın əsrlərlə qoruyub saxladığı ən böyük zənginlik təkcə misgərlik sənəti, daş küçələr və tarixi tikililər deyil. Elə o insanların içində yaşayan, nəsildən-nəslə ötürülən, getdikcə daha az rast gəldiyimiz dəyərlərdir. Mən Lahıcda bir daha anladım ki, bəzən insan xoşbəxt olmaq üçün həyatına nəsə əlavə etməməli, əksinə, onu yoran bəzi şeylərdən uzaqlaşmalıdır.