A+
A–

Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında kolorektal cərrahiyyə üzrə beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Nuru Bayramov belə tədbirlərin ənənəvi olaraq keçirildiyini bildirib. Qeyd edib ki, ilin əvvəlindən indiyədək klinikada tibbin müxtəlif sahələri üzrə 5 beynəlxalq konfrans təşkil olunub. Növbəti aylarda da yerli və xarici ekspertlərin iştirakı ilə elmi konfransların keçirilməsi nəzərdə tutulur.
N.Bayramov diqqətə çatdırıb ki, bu tədbirlərin təşkilində əsas məqsəd təcrübə mübadiləsini genişləndirmək, Tədris Cərrahiyyə Klinikasının xarici ölkələrin ən nüfuzlu xəstəxanaları ilə əlaqələri daha da gücləndirməkdir. “Hədəfimiz dünyanın aparıcı klinikası səviyyəsinə çatmaqdır. Bu məqsədlə xarici əlaqələrimizdən faydalanırıq. Qarşılıqlı münasibətləri həm elmi, həm praktiki, həm də tədris şəklində formalaşdırmaq və daha da möhkəmləndirmək niyyətindəyik”, - deyə N.Bayramov bildirib. O, həmçinin ölkəmizdə kolorektologiya sahəsində əldə olunan uğurlardan danışıb, bu sahədə həkimlərimizin yetişməsində türkiyəli mütəxəssislərin rolunu vurğulayıb.
Azərbaycanın tanınmış cərrahı, akademik Böyükkişi Ağayev isə çıxışında Azərbaycan Tibb Universitetində mütəmadi olaraq xarici ölkələrin mütəxəssislərinin iştirakı ilə müxtəlif xəstəliklərə dair elmi konfransların təşkil edildiyini və maraqlı müzakirələr aparıldığını deyib. O, belə tədbirlərin təcrübə mübadiləsi, eləcə də dünyada ən son tibbi yenilikləri öyrənmək baxımından həkimlər, rezidentlər və tələbələrimiz üçün əhəmiyyətini qeyd edib. B.Ağayev mövzunun aktuallığını nəzərə çatdıraraq deyib ki, hər il dünyada kolorektal xərçəngdən əziyyət çəkən bir milyon insan qeydə alınır.
Daha sonra tədbir məruzələrlə davam edib. Türkiyəli mütəxəssislər professor İbrahim Ethem Geçim, dosent Ahmet Serdar Karaca, professor Selman Sökmen, dosent Deniz Balcı kolorektal xərçəngin müalicə və profilaktikasına dair məruzə ilə çıxış ediblər. Ümumilikdə mütəxəssislər dünyada, həmçinin Türkiyədə və Azərbaycanda kolorektologiyanın müasir problemləri barədə fikir mübadiləsi aparıblar.
Konfransda kolorektal cərrahiyyə sahəsində hər iki ölkənin mütəxəssisləri ilə yanaşı, gənc alimlər, rezidentlər və tələbələr də iştirak ediblər.
AZERTAG.AZ :Tədris Cərrahiyyə Klinikasında kolorektal cərrahiyyə mövzusunda müzakirələr aparılıb
Tədris Cərrahiyyə Klinikasında kolorektal cərrahiyyə mövzusunda müzakirələr aparılıb
Tədris Cərrahiyyə Klinikasında kolorektal cərrahiyyə mövzusunda müzakirələr aparılıb