A+
A–

Kanberra, 29 fevral, AZƏRTAC
Avstraliyanın Baş naziri Malkolm Ternbull fevralın 29-da ölkə ordusunun sabiq komandanı general-leytenant Piter Lixinin İraqdakı xüsusi təyinatlıları gücləndirmək və onları İŞİD terrorçu qruplaşmasına qarşı əməliyyatlara cəlb etmək çağırışını rədd edib. Bu barədə Baş nazir jurnalistlərlə söhbətində bildirib.
Avstraliya ordusunun sabiq komandanı Piter Lixi fevralın 29-da “The Australian” qəzetində dərc edilmiş müsahibəsində bildirib ki, avstraliyalı xüsusi təyinatlılar terrorçuların hücumlarının qarşısını almaq üçün onları məhv etməlidirlər. P.Lixi deyib: “Biz əvvəllər Əfqanıstanda və İraqda yaxşı hökumət formalaşdırmaq üçün çox vaxt keçirmişik. Lakin bu, uğurla nəticələnməyib və hələ də orada terrorçular var. Biz indi İraqda böyük qətiyyət nümayiş etdirərək terrorçuların bazasını, onları hazırlayan mərkəzləri və yardımçılarını məhv etməliyik”.
Sabiq komandanın fikirlərini şərh edən M.Ternbull xatırladıb ki, Avstraliya xüsusi təyinatlıları İraqa yerli hökumətin xahişinə əsasən yerləşdiriliblər. İraq hökuməti xarici hərbi birləşmələrin hərbi əməliyyatlarda iştirakının əleyhinədir.
Baş nazir dəqiqləşdirmək üçün bildirib: “Bizim hərbi hissələr İraq silahlı qüvvələrinə təlim keçmək üçün oradadırlar və bunu davam etdirəcəklər”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra
AZERTAG.AZ :Avstraliya xüsusi təyinatlıları İraqdakı hərbi əməliyyatlarda iştirak etməyəcək