A+
A

Bakı, 1 mart, AZƏRTAC
Beş ölkənin dəmir yolu və dəniz qurumlarının rəhbərləri tranzit sahəsində inkişafla bağlı müzakirələr aparıblar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, tranzit sahəsindəki inkişaf Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Qazaxstan, İran, Gürcüstan və Türkmənistanın dəmir yolu və dəniz qurumları rəhbərlərinin beştərəfli görüşü zamanı nəzərdən keçirilib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin də iştirak etdiyi görüşdə “Şərq-Qərb” multimodal nəqliyyat dəhlizinin inkişafı: regiondakı mövcud nəqliyyat infrastrukturu ilə tanışlıq, potensilların və perspektivlərin qiymətləndirilməsi, marketinq və yükdaşıma bazarının öyrənilməsi, tranzit yüklərin cəlb olunması üzrə birgə fəaliyyət, birgə nəqliyyat-logistika şirkətlərinin yaradılması və tranzit yük axınının artırılması üzrə birgə tədbirlərin işlənib hazırlanması, vahid tariflərin və sənədlərin tətbiqi, gömrük-nəqliyyat prosedurlarının optimallaşdırılması məsələləri müzakirə edilib.
Tədbir çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov ilə Türkmənistan Dəmir Yolu naziri Bayram Annemeredov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədri Mamuka Baxtadze və İran İslam Respublikasının Dəmir Yolunun vitse-prezidenti Huseyn Aşuri arasında ikitərəfli görüşlər keçilib.
Nümayəndə heyətləri, həmçinin Türkmənbaşı limanına baxış keçiriblər. Görüşün yekununa dair müvafiq sənəd imzalanıb.
AZERTAG.AZ :Dəmir yolu və dəniz qurumlarının rəhbərləri tranzit sahəsində inkişafla bağlı müzakirələr aparıblar