Moskva, 17 fevral, Fəridə Abdullayeva, AzərTAc
Fevralın 27-də Moskvada “Ukrayna” mehmanxanasının konqres salonunda “Xocalı. Rekviyem” adlı klassik Azərbaycan muğamı və etno-caz musiqisi axşamı keçiriləcək. Tədbir “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində baş tutacaq.
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) İdarə Heyətindən AzərTAc-a bildiriblər ki, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Azərbaycanın bu ölkədəki səfirliyi, RAGB və Ümumrusiya Azərbaycanlıları Konqresi tərəfindən təşkil olunacaq axşamda Azərbaycan və Rusiya uşaqlarının “Müharibəyə yox deyək!” mövzusunda sərgisi təqdim olunacaq.
Musiqi axşamında Azərbaycanın xalq artistləri Fərhad Bədəlbəyli, Alim Qasımov, əməkdar artistlər Fərqanə Qasımova, Rain Sultanov və başqa tanınmış ifaçılar çıxış edəcəklər.
Fəridə Abdullayeva
AzərTAc-ən xüsusi müxbiri
Moskva