A–
Bakı, 6 mart, AZƏRTAC
Martın 6-də Səyahət, turizm və qonaqpərvərlik sənayesinin “Davos Forumu” sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (WTFL Think Tank) növbəti toplantısı Bakıda öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev belə bir mötəbər forumun Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən söz açıb. Çağdaş dövrümüzdə turizmin dünya iqtisadiyyatında özünəməxsus yer tutduğunu bildirən nazir, Azərbaycanın də bu istiqamətdə sürətlə irəlilədiyini qonaqların diqqətinə çatdırıb.
Turizm sahəsinin iqtisadiyyatla birbaşa bağlılığına toxunan Ə.Qarayev qeyd edib ki, dünyada baş verən siyasi və hərbi münaqişələr zəminində yaranan problemlər turizmin inkişafına əngəllər yaradır.
Bu gün dünyanın hər yerində insanların səyahətə üstünlük verdiyini söyləyən nazir bu baxımdan turizm sahəsinin hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.
O deyib: “Azərbaycan hər zaman turistlərin maraq göstərdiyi məkanlardandır. Biz bu sahəyə böyük diqqət ayırırıq. Çalışırıq ki, ölkəmizin turizm potensialını inkişaf etdirərək turist axınını daha da sürətlənməsinə nail olaq”.
Daha sonra forumda bir sıra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, forumda Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifai, Lüsern Dünya Turizm Forumunun sədri Reto Vitterver və digər qonaqlar iştirak edir.
AZERTAG.AZ :Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin növbəti toplantısı Bakıda keçirilir

