Ayda 70 saat havada olan və 20-yə yaxın ölkəyə uçan azərbaycanlı xanım peşə sirlərini Lent.az-a danışır

Beynəlxalq Mülki Aviasiya Təşkilatının (International Civil Aviation Organization - ICAO) 1998-ci ilin sentyabrında keçirdiyi assamblyesında iştirakçı üzv dövlətləri önəmli razılaşma əldə edir. Belə ki, uçuş köməkçiləri adlanan stüardessa və stüardların o gündən etibarən salon ekipajı adlandırılır. Bu qərar həmin mütəxəssislərin təyyarənin göyərtəsində təhlükəsizliyin təmin olunmasındakı status və nüfuzunun artırılmasına görə verilir.

İlk vaxtlar aviauçuşlar zamanı sərnişinlərlə ikinci pilot məşğul olurmuş. 1928-ci ildən Almaniyada təyyarənin ekipajına üçüncü üzv - stüard əlavə olunur. 1930-cu ildə ilk olaraq ABŞ-da bu işə gənc qızlar cəlb olunmağa başlanılır. Qızlar yüngül çəkiyə sahib olmalı idi. Artıq 1 kiloqram belə önəmliydi.

Dünyanın ilk stüardessası ABŞ-ın Ayova ştatından tibb bacısı amerikalı Elen Çerç (Ellen Church) olub. Elen Çerç ilk dəfə Boeing Model 80 təyyarəsi ilə 1930-cu ilin mayın 15-də San-Fransisko – Çikaqo reysi üzrə uçub.

Uçuşdan əvvəl stüardessalar təyyarənin salonunu və pilotların kabinini təmizləməli, oturacaqların etibarlı olub-olmamasını yoxlamalı, ehtiyac varsa, salondakı milçəkləri öldürməli imiş. Qızlar ayda 100 saat işləməyin müqabilində 125 dollar alırmış.

“Boeing Air Transport” stüardessa seçərkən ancaq subay, tibb bacısı diplomlu, yaşı 25-dən yuxarı, çəkisi 52 kilodan artıq olmayan, boyu 160 santimetrdən alçaq olmayan qızları seçirmiş. Bu qızlar xoş xarici görünüşə, gözəl səs tembri və qüsursuz danışığa, taraz üz cizgilərinə sahib və tam sağlam olmalıymış. Ən maraqlısı isə üzlərindən xal və doğum ləkəsi olmamalıymış.

Lent.az-ın “Peşə adamın bir günü” rubrikasının bugünkü qonağı 13 ildir sərnişinlərin təyyarənin bortunda özlərini mümkün qədər rahat hiss etmələri üçün əlindən gələni edən Azərbaycan Hava Yollarının təyyarə bələdçisi Xəyalə Bayramlıdır.

Xəyalə bizə necə təyyarə bələdçisi olmasından danışır.

- Anam narazı olsa da, bu işə atamın təşəbbüsü ilə gəlmişəm. İlk öncə bacım burda işə başlamışdı. Ondan sonra mən 2003-cü ildən təyyarə bələdçisi işləməyə başladım.

Əgər siz də təyyarə bələdçisi olmaq istəyirsinizsə, Xəyaləni diqqətlə dinləyin.

- Təyyarə bələdçisi ali təhsilli, yüksək intellektual səviyyəyə malik olan, həddindən artıq səbrli, təmkinli, gülərüz, mehriban, insanlarla sərbəst ünsiyyət qurmağı bacaran bir şəxs olmalıdır. Yaşı 18-dən 30-a qədər, boy həddi isə 165 santimetrdən alçaq olmayan qızlar bu iş üçün müraciət edə bilər. Əsas şərtlərdən biri İngilis dilini bilməkdir.

İşin özəl tərəfi ondan ibarətdir ki, təyyarə bələdçiləri uçuş zamanı fiziki ağırlıq, temperatur və iqlim dəyişikliyi, kəskin saat fərqi yaşayırlar. Bu işdə qadınlar karyerasını 45, kişilər işə 50 yaşda bitirir.

“Stüardessa məktəbi”ndə gənc qızlara Qəza Xilasetmə Avadanlıqlarının istismarını, düzgün xilas etmə əməliyyatının aparılmasını, ilk tibbi yardımın göstərilməsini və sərnişinlərə yemək xidməti servisinin yüksək səviyyədə təşkilini öyrədirlər.

Xəyalənin ilk uçuşu Naxçıvan şəhərinə olub.

- Valideynlərimin işi ilə bağlı uzun müddət xarici ölkələrdə yaşamışıq. Bununla əlaqədar olaraq tez-tez təyyarədən istifadə etmişik. Ona görə də təyyarə mənə yad deyildi. Uçuşa gələrkən məndə əsla həyəcan hissləri yox idi. Mən elə sanırdım ki, sanki uzun illərdi, bu işdə çalışmışam. İlk uçuşumu problemsiz yerinə yetirdim. Hündür binanın üstündən yerə baxsam qorxaram, ancaq təyyarədə bu hiss məndə yoxdu, ona görə ki, uçuş zamanı bütün fikirlərim uçuşun təhlükəsiz keçməsinə yönəlir. Təyyarə bələdçiləri sərnişinlərin təhlükəsizliyinə cavabdehdir. Onlar uçuş zamanı hər hansı fövqəladə hal baş verərsə, sərnişinlərə kömək etməlidirlər.

Bakı-Pekin uçuşu həyata keçirən zaman Qəza Xilasetmə Avadanlığının nümayişi zamanı çinli sərnişin ingilis dilini bilmədiyi üçün videoda gördüklərini təkrar etdi. Videoda bələdçi qəza zamanı xilas edici jiletdən istifadə qaydalarını göstərirdi. Həmin çinli sərnişin xilasedici jileti çıxartdı, doldurdu və o cür vəziyyətdə oturdu. Biz yaxınlaşıb sərnişinə bildirəndə ki, bunu qəza zamanı etmək lazımdır, sərnişin ingilis dilini bilmədiyi üçün bizə işarə ilə bildirdi ki, videoda gördüyümü təkrar etdim. Mən hazıram (gülür). Təyyarədə olan və ingilis dilini bilən digər çinli sərnişinin köməyi ilə şişirdilmiş jileti birtəhər onun əynindən çıxarıb yenisiylə əvəz etdik.

Bugünkü beynəlxalq standartlara görə təyyarə bələdçiləri sərnişinlərlə ünsiyyət qura bilmək üçün nəinki beynəlxalq dil olan ingilis dilini, həm də fransız və alman dillərini bilməlidir. Xəyalə ana diliylə yanaşı, rus, ingilis, fransız, türk dillərini bilir.

Təyyarə bələdçiləri həm də psixoloq olmalıdır. Əsəbi, gərgin və həyəcanlı sərnişinləri sakitləşdirmək üçün.

- Bəzən elə əsəbi sərnişinlər olur ki, onlarla psixoloji söhbətlər edirik və sakitləşdirməyə çalışırıq. Əgər bizim söhbətimizdən sərnişin müsbət nəticə çıxara bilmirsə və uçuşun təhlükəsizliyinə maneə törədirsə, həmin sərnişin “Arzuolunmaz Sərnişinlər Siyahısı”na daxil edilir.

İndiyə qədər 20-yə yaxın ölkə gəzmiş Xəyalənin ən uzun uçuşu Yaponiyaya olub.

- Son illər daha çox Pekinə və Nyu-Yorka uçuram. London şəhərinin yuxarıdan gecə görünüşü çox cazibədardır. Enişə gedərkən “Big Ben”in yaxınlığından keçirik. Avropa ölkələrindən isə Paris şəhərinə uçmağı çox sevirəm. Parisin “Charle de Gaulle” hava limanına eniş edərkən aydın hava şəraiti olduqda məşhur “Eiffel” qülləsini seyr etmək imkanı olur. Estafet uçuşlarımız zamanı ekipaj olaraq orda qalırıq. Bunlar hazırda Təl-Əviv, Pekin və Nyu-York uçuşlarıdır. Bu uçuşlarda ekipaj dəyişikliyi baş verir. Ən uzun uçuşum sifariş reysi ilə Yaponiyaya olub. Uçuş məsafəsi 13 saat idi. Bu, Yaponiyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi ilə bağlı səfər idi.

“Təyyarə bələdçisinin şəxsi həyatı yoxdu”, deyənlər üçün...

- Burda işləyə-işləyə ailə qurdum. Yoldaşım hüquqşünasdır. Doqquz yaşında oğlum var, hər dəfə işə yola salanda xoş uçuş arzulayır. Hər estafet uçuşundan dönəndən sonra sevinclə qarşılayır və səbirsizliklə hədiyyəsini gözləyir (gülür). Oğlum 3 yaşından mənimlə səyahətlərə çıxdığından, o da mənim kimi təyyarədə uçmağı çox sevir. Təyyarə görəndə deyir, anamın təyyarəsidir (gülür).

Bildiyimiz kimi hamilə qadınlara yalnız 32 həftəsinə qədər uçmağa icazə verilir. Bəs stüardessa hamilə olarsa?

- Hamilə olanda bizə uçmağa icazə yoxdur. Sənədlərimizi tibb məntəqəsinə təqdim edirik və yerüstü xidmətinə keçirik. Oğlum dünyaya gələndən sonra işimdə 2 il fasilə verdim.

Qohumlar ayda 70 saat havada olan Xəyaləni nəzərə alaraq, məclislərini onun iş vaxtına görə təyin edir.

- Təəssüflər olsun ki, bəzi zamanlar bu məclislərə qatıla bilmirəm.

Uçuş zamanı sərnişinlərin əsas qorxduğu hava burulğanlıqlarıdır. Deyir, hava burulğanı mövsümə görə dəyişir. Ən çox payız və yaz aylarına təsadüf edir.

- Bu sahədə bizim pilotlar əvəzedilməzdir. Onlara çox etibar edirəm. Dəfələrlə görmüşəm ki, belə hallardan necə məharətlə çıxırlar. Sərnişinlər hava burulğanlıqlarına düşdüklərini heç hiss etmirlər. Bakı küləklər şəhəri olduğundan bizim kapitanlar bu kimi çətin hava şəraitlərində eniş-qalxış əməliyyatlarını keçirməyə hazırlıqlıdır. Bir ilin söhbətidir. Çin Hava limanında güclü duman vardı. Yalnız AZAL-ın təyyarəsi eniş edə bildi. Bu da bizim kapitanların hazırlıqlı olmalarının göstəricisidir.

Danışıq zamanı onu da öyrəndik ki, pilotlar uçuş zamanı fərqli yeməklər yeyirlər. Yəni biri mal əti yedikdə, digəri mütləq toyuq əti yeməlidir. Bu da təhlükəsizlik qaydalarından biridir.

Stüardessalar o zamanlar Sky Girls, yəni “səma qızları” adlanırmış. “Səma qızları”nın əsas işi sərnişinləri mehriban qarşılamaq, biletləri təsdiqləmək, sərnişinləri və yüklərini yerbəyer etmək, onlara təbəssümlə kofe təklif etmək və ilk tibbi yardım göstərməkdən ibarət olub.

- Tibbi təhsilim olmasa da, hər il bizə tibbi treninqlər keçirlər.

Uçuşlarımdan birində 10 yaşında anadangəlmə iflic xəstəsi olan sərnişinim olub. Tanınmış müğənninin nəvəsi idi. Uçuş zamanı uşağın halı dəyişdi, valideynləri təşvişə düşdüklərindən uşağa köməklik göstərə bilmirdilər. Şükürlər olsun ki, bu halda özümü itirməyib uşağa ilk yardım göstərə bildim. Bu kimi hallarla dəfələrlə qarşılaşmışam və öhdəsindən gəlmişəm.

- Təyyarədə doğan olub?

- (Gülür) Çox şükür ki, olmayıb. Qanunla 32 həftədən yuxarı hamilə sərnişinlər təyyarə xidmətindən istifadə edə bilməz. Olarsa, bu barədə də tibbi biliyim var. Baş verəcək fövqəladə hadisələrə hazıram. Öhdəsindən gələrəm.

Bu iş yüksək tələbkarlıq və zəhmət tələb etdiyindən, təyyarə bələdçilərinin tam sağlam olması labüddür. Bunun üçün onlar ildə bir dəfə ümumi tibbi müayinələrdən keçirlər. Bundan əlavə təyyarə ekipajı, o cümlədən təyyarə bələdçiləri hər uçuş öncəsi tibbi müayinədən keçirlər.

Xəyalə tibbi müayinədən keçir. Təzyiqi ölçülür, həkimin bəzi suallarını cavablandırır və o, yüksək əhval ruhiyə ilə uçuşa tam hazırdır.

Onun bugünkü uçuşu 20:45-də olacaq. Bakı-İstanbul-Bakı marşrutu üzrə. Uçuş öncəsi böyük təyyarə bələdçisi, yəni Xəyalə Bayramlı digər bələdçilər üçün 15 dəqiqəlik brifinq keçirir. O, uçuş heyətinin sənədlərini yoxlayır, onları təlimatlandırır, uçuş öncəsi iş bölgüsünü aparır. Uçuş zamanı əsas məsuliyyət böyük təyyarə bələdçisinin üzərinə düşür, bütün məsuliyyəti o daşıyır. Öyrənirik ki, bu uçuşda məişət xidmətinə Təhməzova və Haqverdiyeva baxacaq, Arikova və Bağırova yemək qəbul edəcək, İbrahimov baqajı qəbul edəcək. Saat 19:00-da təyyarə bələdçiləri təyyarəyə qalxırlar. Uçuşdan saat yarım əvvəl təyyarənin hazırlığı başlayır.

Biz onlarla bərabər Airbus 320 təyyarəsinə qalxırıq. Böyük təyyarə bələdçisi kimi Xəyalə gəmidəki bütün Qəza Xilasedici Avadanlıqları yoxlayır. Digər təyyarə bələdçiləri öncədən aldıqları təlimə əsasən, sərnişin oturacaqlarının üzərində olan qoruyucu kəmərlərinin vəziyyətini, baqaj rəflərini, qəza xilasetmə kartlarının olub-olmadığını yoxlayırlar. Unudulmuş əşya aşkar olunduğu halda isə akt əsasında təhvil verilir.

Budur, artıq onlar sərnişinləri qəbul etməyə hazırdırlar. Onlara uğurlu uçuş arzu edib, təyyarədən enirik. Xoş uçuşlar!

Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ
Göylərdə keçən ömür, ən uzun uçuş və "anamın təyyarəsi"... - PEŞƏ ADAMININ BİR GÜNÜ