A–
Bakı, 9 mart, AZƏRTAC
Ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə səyyar xidmətlər göstərilir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, işin səmərəliliyinin daha da artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti belə tədbirlər respublikanın Neftçala və Tərtər, həmçinin paytaxtın Binəqədi, Qaradağ, Xəzər rayonlarının polis şöbə və idarələrinin müvafiq qurumlarının əməkdaşlarının da iştirakı ilə həmin rayonlarda təşkil olunub.
Keçirilmiş səyyar xidmətlər zamanı Binəqədi rayonunda 188, Müşfiqabad qəsəbəsində 383, Biləcəri qəsəbəsində 740, Şüvəlan və Binə qəsəbələrində 330, eyni zamanda, Neftçala rayonunda 92, Tərtər rayonunun Qapanlı və Yuxarı Qaradağlı kəndlərində 250 olmaqla ümumilikdə, 2 minə yaxın vətəndaşın müvafiq sənədləri qəbul edilib.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması məqsədilə mütəmadi şəkildə keçirilən belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.
AZERTAG.AZ :İki minə yaxın vətəndaşa şəxsiyyət vəsiqələrinin verilməsi ilə əlaqədar səyyar xidmətlər göstərilib