A+
A

Naxçıvan, 10 mart, AZƏRTAC
Martın 10-u Azərbaycanda Milli Teatr Günüdür. Bu əlamətdar tarix Naxçıvan Muxtar Respublikasında da qeyd olunur. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, teatr binalarının hamısı yenidən qurulub və ya əsaslı təmir olunaraq istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu gün muxtar respublikada fəaliyyət göstərən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı, Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası tamaşaçıların mənəvi və estetik zövqünün formalaşmasında, asudə vaxtının mənalı təşkilində əhəmiyyətli rol oynayır.
130 ildən artıq yaşı olan Naxçıvan teatrı bu illərdə Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Ərzurum, İğdır, Dənizli, Tarsus, İran İslam Respublikasının Təbriz, Maku, Urmiya şəhərlərində olub, göstərdiyi tamaşalarla dost və qonşu ölkələrin teatrsevərlərinin rəğbətini qazanıb. Naxçıvan teatrının Bakı, Gəncə, Qazax, Lənkəran, Qəbələ, Yevlax, Şəmkir, Gədəbəy, Cəlilabad, Masallı və başqa yerlərdə göstərdiyi tamaşalar maraqla qarşılanıb, istedadlı aktyorlar geniş tamaşaçı sevgisi qazanıblar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il fevralın 15-də imzaladığı Sərəncama əsasən, bu il Naxçıvan teatrının yaradıcılarından olan görkəmli şəxsiyyətin yubileyi qədim diyarda geniş qeyd edilir. Bu sərəncam Naxçıvan teatr sənətinə, mədəniyyət tariximizə diqqət və ehtiramın daha bir ifadəsidir.
AZERTAG.AZ :Naxçıvanda teatrların maddi-texniki bazası möhkəmləndirilib
Naxçıvanda teatrların maddi-texniki bazası möhkəmləndirilib