[ 18 Fevral 2015 11:51 ]



Bakı – APA. Kolumbiyanın ən tanınmış qəzetlərindən olan “El Nuevo Siglo” (Yeni Əsr) və “El Espectador” qəzetlərində , habelə “www.noticiascolombianas.com.co” və “reporte24.co” xəbər portallarında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “El Nuevo Siglo” qəzetində dərc olunmuş “Xocalı qətliamı, Azərbaycanın açıq yarası” adlı məqalədə Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətindən, Azərbaycan torpaqlarının zəbt edilməsindən söz açılıb.

Xocalı şəhərinin yerlə yeksan edilərək əhalisinin xüsusi qəddarlıqla qətlə yetirilməsindən bəhs edilib, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində soyqırım aktı həyata keçirdiyi göstərilib. Məqalədə həmçinin Azərbaycanın siyasi-iqtisadi inkişafı, regionun ən mühüm dövlətlərindən birinə çevrilməsi, Ermənistanın isə işğalçı siyasəti ilə özünü təcrid vəziyyətinə salması, ölkənin səfalət içində olduğu haqqında məlumat verilib.

Həmin məqalə Kolumbiyanın digər tanınmış qəzetlərindən olan “El Espectador” qəzetində “Azərbaycan Xocalı qətliamına yas saxlayır” başlığı ilə çıxıb.