A–
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin martın 18-də Dövlət Miqrasiya Xidmətində (DMX) təntənəli andiçmə mərasimi keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, andiçmə mərasimində çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə yaşadan, Azərbaycan xalqının tarixi-mədəni keçmişinə yüksək ehtiramının və milli mənəvi dəyərlərə dərin bağlılığının nümunəsi olan Novruz bayramı ərəfəsində imzaladığı sərəncamlarla vətəndaşlığa qəbul və bərpa edilən şəxslərə təbriklərini çatdırıb.
F.Nəbiyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasına uyğun olaraq regionun lider dövlətinə çevrilmiş Azərbaycanda son illərdə həyata keçirilən islahatlar nəticəsində əldə edilən uğurlardan söhbət açıb. Xidmət rəisi beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi sabitliyin yüksək səviyyədə təmin edildiyi, multikultural dəyərlərin hakim olduğu, tolerantlıq nümunəsi sayılan respublikamızın dünyanın siyasi, iqtisadi və mədəni mühitinə verdiyi töhfələrdən danışıb. İnsan hüquqlarından ağızdolusu danışılan Avropada yaşanan miqrant böhranı, xarici müdaxilə nəticəsində yurd-yuvasından didərgin düşən insanlara qarşı qeyri-insani rəftar fonunda ölkəmizdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə yaradılmış şəraitdən geniş söhbət açılıb. F.Nəbiyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində bir milyondan çox soydaşımızın məcburi miqranta çevrildiyini, gənc müstəqil ölkəmizin bu böyük yükün öhdəsindən təkbaşına gəldiyini, həmin şəxslərin sosial, mənzil, məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində fundamental tədbirlər görüldüyünü konkret faktlarla diqqətə çatdırıb. İkili standartaların qloballaşan dünyanın siyasi, iqtisadi, hətta mədəni mühitinə ciddi zərbələr vurduğu qeyd olunub.
Xidmət rəisi bildirib ki, ölkəmizdəki siyasi sabitlik, mövcud təhlükəsizlik mühitinin yaradılması, miqrantların hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər, həmçinin respublikamızın geosiyasi mövqeyi, tranzit imkanlarının genişliyi, millətlərin və xalqların, ayrı-ayrı dinlərin nümayəndələrinin, dillərin daşıyıcılarının dinc yanaşı yaşaması, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsində respublikamızın inkişaf sürətinin davam etdirilməsi kimi amillər xaricdə Azərbaycana böyük maraq yaradıb. Məhz bu amillər Azərbaycanda yaşamaq, işləmək, təhsil almaq, xüsusilə respublikamızın vətəndaşı olmaq istəyənlərin sayının ildən-ilə artmasına, həmçinin vaxtilə respublikanı tərk edib, digər dövlətlərə getmiş Azərbaycan vətəndaşlarının da geri qayıtması meyillərinə müsbət təsir edib.
Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib. Həmin dövrdən etibarən Xidmət Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş vəsatət, sorğu və müraciətlərin araşdırılması işini həyata keçirməkdədir.
Görüşdə vətəndaşsızlıq hallarının aradan qaldırılması ilə bağlı ölkəmizdə görülmüş işlərə də nəzər salınıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən indiyədək 1434 nəfərin Azərbaycan vətəndaşlığına qəbul edildiyi bildirilib. Bununla belə, bu müddət ərzində 36 min 467 şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınıb və onlar müvafiq dövlət qurumu tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilib.
Xidmət rəisi bu gün Azərbaycan Respublikasının vətəndaşı olmaq şərəfinə nail olanlarla görüşün həm Novruz bayramı, həm Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 9-cu ildönümü, həmçinin miqrasiya orqanları işçilərinin peşə bayramı ərəfəsinə təsadüf etməsinin də əhəmiyyətini vurğulayıb.
Sonra vətəndaşlığa qəbul edilmiş 147 və bərpa olunan 5 şəxs dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq Azərbaycan Respublikasına sadiq olacaqları barədə təntənəli surətdə and içiblər.
Andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a 2014-cü il 30 dekabr tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən keçirilir. And içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır.
Tədbir dövlət himninin ifası ilə yekunlaşıb.
AZERTAG.AZ :Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslər and içiblər

