A–
Qəbələ, 25 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Qədim Qəbələ şəhərinin qalıqları və arxeoloji qazıntıların nəticələri ilə tanışlıq məndə xoş təəssürat yaratdı. 900 il ərzində Qafqaz Albaniyasının paytaxtı olan bu qədim şəhər haqqında kitablardan çox oxumuşam. Arxeoloji qazıntılar aparılan əraziyə baş çəkdik, əsrlərlə yaşı olan tarixi abidəni gözlərimizlə gördük. Qəbələ, İsmayıllı və Şəkiyə səfərimizin maraqlı və faydalı olacağına əminəm. Tur-aksiya bizə Vətənimizi daha yaxından tanımaq, bildiklərimizi praktik cəhətdən zənginləşdirmək imkanı yaradır. Eyni zamanda, bu səfərdə yeni dostlar qazanırıq. Bir sözlə, geriyə maraqlı və xoş təəssüratlarla dönəcəyimə inanıram.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Goranboy rayonu Qaramusalı kənd orta məktəbinin 11-ci sinif şagirdi Afiq Salahlı deyib. Məktəbli bildirib ki, İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya çıxsalar da, buraya gələnədək yolboyu bir sıra rayonlarda olublar: “İlk dəfədir bu regiona gəlmişəm. Səyahət zamanı hər addımda yeniliklərlə qarşılaşırıq. Bu bölgənin əsrarəngiz təbiət mənzərələri hər birimizə xoş təsir bağışlayır. Demək olar ki, tur-aksiyanın hər bir anı maraqlı və yaddaqalandır”.
AZERTAG.AZ :Afiq Salahlı: Ekskursiyamızın maraqlı və faydalı olacağına əminəm