Quba, 19 fevral, AzərTAc, Elxan Yusifli
Respublikamızın hər yerində olduğu kimi, 2014-cü ildə Quba rayonunda da geniş quruculuq-abadlıq işləri görülüb, böyük infrastruktur layihələri icra edilib. Rayonda qarşıya qoyulan vəzifələrin maksimum həllinə səy göstərilib və bütün sahələrdə müsbət irəliləyişə nail olunub.
AzərTAc xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın 2014-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında bildirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Sonra iştirakçılar rayon ərazisində fəaliyyət göstərən müəssisələrdə istehsal edilən sənaye, ərzaq, kənd təsərrüfatı və digər sahələrə aid məhsulların sərgisinə baxıblar.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının hesabat məruzəsi dinlənilib. Bildirilib ki, 2014-cü ildə rayonun 7 yaşayış məntəqəsini birləşdirən 23 kilometr uzunluğundakı Quba-Küpçal-Küsnət avtomobil yolu əhalinin istifadəsinə verilib. On iki yaşayış məntəqəsini birləşdirən və 31 kilometr uzunluğunda olan Rustov-Xanəgah-Girdah, Rustov-Nöydün-Şuduq, Rustov-Məckə-Xacə, Rustov-Bağçalı-Yekdar, Quba-Qonaqkənd-Şamaxı yollarında isə işlər davam etdirilir.
Məruzədə qeyd olunub ki, hesabat ilində təhsilin maddi texniki bazasının gücləndirilməsi istiqamətində xeyli iş görülüb. 220 şagird yerlik Qımılqışlaq kənd ümumi və 120 şagird yerlik Afurca kənd tam orta məktəblərində, I Nügədi kəndindəki uşaq bağçasında tikinti-quraşdırma işləri başa çatdırılıb. Aspərasti və Məckə-Xacə kəndlərində 120 şagird yerlik kənd orta məktəblərinin tikintisinə başlanılıb, şəhərdə 100 yerlik uşaq bağçasının təməli qoyulub.
Hesabat ilində rayonda rabitə xidmətinin yaxşılaşdırılması, internet texnologiyalarının tətbiqi istiqamətində də lazımi tədbirlər görülüb. Belə ki, Küpçal-Qımıl kənd avtomat telefon stansiyalararası kabel fiberoptik kabellə əvəzlənib, Aşağı-Xuc və Qələdüz kəndlərində avtomat telefon stansiyaları quraşdırılıb, Aşağı Atuc kənd avtomat telefon stansiyasına isə 400 metr uzunluğunda birləşdirici fiberoptik kabel çəkilib.
Ötən il Quba rayon mərkəzi xəstəxanasının yeni binasının tikintisinə başlanılıb. Eyni zamanda, 2014-cü il sentyabrın 15-dən fəaliyyət göstərən Quba Tibb Kolleci şimal bölgəsində orta tibb işçilərinin hazırlanmasında, kadr probleminin həllində mühüm rol oynayacaq.
Hesabat dövründə rayonda 122 min 816 ton meyvə yığılıb. Ötən ilin məhsulu üçün 19 min 295 hektar sahədə taxıl əkilib ki, bunun da 17 min 763 hektarını buğda, 1532 hektarını isə arpa sahələri təşkil edib. Həmin sahələrdən 45 min 82 ton məhsul toplanılıb.
Diqqətə çatdırılıb ki, Quba 2014-cü ilin “Gənclər paytaxtı” seçilib. Bununla bağlı rayonda Gənclər və İdman Nazirliyi, eləcə də digər təşkilatlar və beynəlxalq qurumlar tərəfindən bir sıra layihə və tədbirlər həyata keçirilib.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Niyaz Əliyev, Milli Məclisin deputatları Vahid Əhmədov və Yevda Abramov çıxış edərək 2014-cü ildə respublikamızda əldə olunan uğurlardan, qarşıda duran vəzifələrdən danışıblar.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.