A+
A–

Bakı, 30 mart, AZƏRTAC
PAŞA Bankın “British Council” və “Thomson Foundation” ilə birgə əməkdaşlıqla həyata keçirdiyi biznes-jurnalistikanın inkişafı üzrə növbəti proqram uğurla başa çatıb.
PAŞA Bankdan AZƏRTAC-a bildiriblər ki, layihənin final mərhələsi çərçivəsində əcnəbi həmkarlarının təcrübəsi və bu ölkənin media-strukturlarının iş prinsipləri ilə tanış olmaq üçün yerli KİV nümayəndələri Böyük Britaniyaya ezam olunublar. Bir həftəlik səfər çərçivəsində Azərbaycan jurnalistləri “The Telegraph”, “BBC”, “Press Assoсiation” kimi dünyaca məşhur KİV nümayəndələri ilə görüşüb, Azərbaycanın Böyük Britaniyadakı səfirliyini ziyarət edib, işgüzar səfərlə Lordlar Palatasında olub, London fond birjasının aparıcı mütəxəssisləri ilə görüşüblər.
Xatırladaq ki, PAŞA Bankın partnyorları ilə birgə hər il keçirdiyi biznes-jurnalistikanın inkişafı üzrə proqram 4 sessiyadan ibarətdir. İlk 3 sessiya çərçivəsində iştirakçılar onlayn-jurnalistikada tətbiq olunan müasir üsulları, peşəkar bloqun aparılmasını öyrənir, lazımi kontentin axtarışı metodu ilə tanış olur, məlumatın işlənməsi üçün onlayn-alətlərlə işləməyi öyrənir və s. Sessiyalar dəvət olunmuş təlimçi və konsultant, Britaniyanın tanınmış mütəxəssisi Den Meyson tərəfindən aparılır.
Layihənin əsas məqsədi Azərbaycanda iqtisadi və biznes mövzuları işıqlandıran aparıcı jurnalistlər qrupunun yaradılmasıdır. Avropalı həmkarlarının çoxillik təcrübəsi ilə tanış olduqdan sonra yerli jurnalistlər əldə etdikləri vərdişləri daha peşəkar məlumatlandırmaqda və ölkədə baş verən iqtisadi islahatların və müxtəlif biznes-proseslərin təhlilində istifadə edə biləcək.
AZERTAG.AZ :Azərbaycan jurnalistləri PAŞA Bankın dəstəyi ilə Londonda