A–
Quba, 4 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 4-də Quba şəhərindəki Heydər Əliyev Mərkəzində 12 illik ümumi təhsilə keçidlə bağlı zəruri məsələlərin müzakirəsinə həsr olunan regional iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən təhsil şöbələrinin rəhbər işçilərinin və əməkdaşlarının iştirak etdiyi iclasda 12 illik ümumi təhsilə keçidin Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında öz əksini tapdığı qeyd olunub.
Nazirliyin aparat rəhbərinin müavini Fərzəli Qədirov bildirib ki, regionlarda təhsil işçiləri, valideynlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu tədbirin təşkilində əsas məqsəd 12 illik ümumi təhsilə keçidin bir sıra zəruri məsələlərinə aydınlıq gətirməkdən ibarətdir. Xüsusən də keçidin necə olması, ondan gözlənilən nəticələr, ümumi təhsilin səviyyələrinin müddəti, ibtidai təhsilin müddətinin uzadılmasının yarada biləcəyi çətinliklər, məzmun standartları və kurikulumlarda hansı dəyişikliklərin olması, təmayülləşmənin nə vaxtdan başlaması və necə olması və s. kimi məsələlər əsas diqqət mərkəzindədir.
Nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov tədbirdə 12 illik təhsilə keçid üçün nazirliyin mövqeyini əks etdirən təqdimatla çıxış edib. A.Əhmədov qeyd edib ki, 12 illik müddəti əhatə edən təhsil səviyyələri və onların arasındakı nisbətin, hər səviyyə üzrə öyrəniləcək fənlərin, onların məzmununun müəyyənləşdirilməsi qarşıda duran mühüm vəzifələrdir.
Dünya təcrübəsində 12 illik təhsil sisteminə də toxunan A.Əhmədov deyib ki, rəsmi məlumatlara görə, hazırda 173 ölkədə 12 illik ümumi təhsil sistemi tətbiq olunur.
Daha sonra iclas iştirakçıları 12 illik təhsildə təhsil səviyyələrinin təklif olunan variantları ilə maraqlanıblar.
Sonra mövzu ətrafında müzakirələr olub.
AZERTAG.AZ :Qubada 12 illik ümumi təhsilə keçidlə bağlı məsələlər müzakirə olunub

