A–
Əmman, 4 aprel, AZƏRTAC
Bütün Azərbaycan xalqı kimi İordaniyanın Azərbaycan diasporu da ölkəmizin Dağlıq Qarabağ regionunda yaranan vəziyyətdən dərin narahatlıq hissi keçirir və bütün Azərbaycan xalqına və işğal edilmiş torpaqların azad edilməsi uğrunda canından keçmiş şəhidlərin ailələrinə dərin hüznlə başsağlığı verir. Bu sözləri İordaniyadakı Azərbaycan diasporunun başçısı Zümrüd Dadaşova AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib.
O deyib: “Diasporumuz cəbhə xəttində baş verənləri diqqətlə izləyir, ölkəmizin İordaniyadakı səfirliyi ilə əlaqə saxlayır, habelə KİV-lərin açıq mənbələrindən, o cümlədən dəqiq informasiyanın əsas mənbəyi AZƏRTAC-dan məlumat alır”.
Z.Dadaşovanın sözlərinə görə, İordaniyada yaşayan azərbaycanlılar dövlətimizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinə və Ermənistan tərəfindən işğal edilmiş bütün ərazilərin azad edilməsinə yönələn siyasətini tam dəstəkləyir. çün Azərbaycan ərazilərinin azad edilməsi əslində çoxillik münaqişəni həll edəcək və bütün regionda sülhü bərqərar edəcək.
Onun sözlərinə görə, ölkəmizin rəhbərliyi bütün döyüş əməliyyatlarını birtərəfli qaydada dayandırmaq barədə müdrik qərar qəbul edib. Bu da Prezident İlham Əliyevin “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə istiqamətlənib” sözlərini bir daha təsdiq edir. Amma ölkəmizin başçısı İlham Əliyevin Azərbaycan Təhlükəsizlik Şurasının müşavirəsində dediyi kimi, düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək.
Z.Dadaşova onu da bildirib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində əzəli Azərbaycan torpaqlarının 20 faizi artıq iyirmi ildən çoxdur ki, işğal altındadır və bir milyondan çox azərbaycanlı doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Azərbaycan diasporunun başçısı deyib: “Ölkəmizin rəhbərliyinin həmin münaqişənin həllinə dair səmərəli plan hazırlamaq məqsədi ilə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə sülh danışıqları aparmaq üçün bütün cəhdlərinə, erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların sənədlərinə baxmayaraq, vəziyyət uzun müddətdir dəyişməz qalır. BMT Təhlükəsizlik Şurasının işğal edilmiş Dağlıq Qarabağın və ətraf yeddi rayonun azad edilməsinə dair dörd qətnaməsi indiyədək yerinə yetirilmir. Beynəlxalq birlik bu beynəlxalq sənədlərin icrasını təmin etmək üçün zəruri olan bütün tədbirləri görməlidir”.
Zümrüd Dadaşova sonda deyib: “Qəlbi Vətənlə döyünən İordaniya azərbaycanlıları Azərbaycan Prezidenti İlham Əliyevin işğal edilmiş ərazilərin azad edilməsinə və qaçqınların öz tarixi torpaqlarına qaytarılmasına dair hər bir qərarını dəstəkləyəcəklər”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman
AZERTAG.AZ :İordaniyanın Azərbaycan diasporu Azərbaycan Prezidentinin siyasətini dəstəkləyir