A+
A–

Şəki, 4 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində son günlər qoşunların təmas xəttində yaranan gərginlik, bu təxribatların qarşısının alınması məqsədi ilə silahlı qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri, Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı ilə əlaqədar aprelin 4-də Şəki-Zaqatala bölgəsi rayonlarında yerli icra, bələdiyyə və hüquq mühafizə orqanları rəhbərlərinin, fəalların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yığıncaqlar keçirilib.
Bölgə əhalisi Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunmasına yönələn qətiyyətli mövqeyini olduqca yüksək qiymətləndiriblər.
Şəki Şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda əvvəlcə erməni işğalçıları ilə döyüşlərdə qəhrəmancasına həlak olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov açaraq son günlər cəbhə xəttində gərginliyin artmasının ermənilərin növbəti təxribatı olduğunu bildirib. Vurğulanıb ki, aprelin 2-nə keçən gecə təmas xəttində bu təxribatlara layiqincə cavab verən Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdən əks hücuma keçərək, düşmənin mövqelərinə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir neçə yaşayış məntəqəsi, yüksəkliklər ələ keçirilib, düşmən həm canlı qüvvə, həm də texnika sarıdan çox böyük itkilər verib.
Cəbhə bölgəsindəki mövcud durum barədə danışan Elxan Usubov icra strukturları və hüquq mühafizə orqanlarına daha ayıq-sayıq olmağı tövsiyə edib, ordumuzun əldə etdiyi uğurlar barədə əhalinin daha geniş məlumatlandırılmasının, müəssisə və təşkilatlarda, məktəblərdə hərbi vətənpərvərlik işinin yüksəldilməsinin vacibliyini vurğulayıb.
Müşavirədə YAP Şəki təşkilatının sədri Həsən Həsənov, Şəki rayon Ağsaqqallar Şurasının sədr müavini Mustafa Əhmədov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Şəki rayon filialnın sədri Məmmədnuru Əzizov və başqaları çıxış edərək, son günlər ermənilərin təmas xəttində törətdikləri təxribatları qətiyyətlə pisləyib, sayəsində işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində mənfur düşməndən tezliklə azad olunacağına əminlik ifadə ediblər.
X X X
Son günlər cəbhə xəttində törədilən təxribatların qarşısının alınması məqsədi ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən cavab tədbirləri Qax rayon ictimaiyyəti tərəfindən də razılıqla qarşılanır.
Rayon icra hakimiyyətində keçirilən müşavirədə düşmənin törətdiyi təxribatla əlaqədar Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn müddəalar geniş təhlil olunub.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev bildirib ki, bu, Ermənistanın ölkəmizə qarşı növbəti təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırılıb, düşmənə layiqli cavab verilib. Aparılan uğurlu hərbi əməliyyat nəticəsində Ordumuz böyük qələbə qazanıb. Ali Baş Komandan bu qələbə münasibətilə Ordumuzu və bütün Azərbaycan xalqını təbrik edib.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycan dünyada sülhsevər, etibarlı tərəfdaş kimi tanınır. ABŞ-da keçirilən 4-cü Nüvə Təhlükəsizliyi Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin çıxış etməsi və dünyanı düşündürən nüvə təhlükəsizliyi ilə əlaqədar qaldırdığı problemlərin bütün dövlətlər tərəfindən müsbət qarşılanması bunun daha bir təzahürüdür.
Müşavirədə YAP rayon təşkilatının sədri Nizami Əhmədov, rayon Ağsaqqallar Şurasının sədri Nadir Aşurov və başqaları çıxış edərək Azərbaycan əsgərinin göstərdiyi şücaətdən qürur duyduqlarını, Ordumuzun işğal altındakı torpaqlarımızı azad etməyə qadir olduğuna inandıqlarını bildiriblər.
X X X
Son günlər qoşunların təmas xəttində yaranmış vəziyyətlə əlaqədar Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclasında Ali Baş Komandan İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunan yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yerli icra strukturları və hüquq mühafizə orqanları rəhbərlərinin, rayon fəallarının iştirak etdiyi müşavirəni icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə açaraq, aprelin 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində törətdiyi təxribatlar və bu təxribatların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən cavab tədbirləri barədə geniş məlumat verib. Bildirilib ki, Azərbaycan Ordusu ölkə vətəndaşlarının təhlükəsizliyini qorumaq gücündədir. Əsgərlərimiz düşmənə layiqli cavab verib və onları geri oturdub.
Vurğulanıb ki, bu uğurlu hərbi əməliyyatlar Ordumuzun döyüş ruhunun çox yüksək olduğunun göstəricisidir. Bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq, onlara layiqli cavab veriləcək. Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyi hamının ürəyindən xəbər verir.
Müşavirədə YAP rayon təşkilatının sədri Habil Qurbanov, rayon ağsaqqalı Ənvər Kərimov, Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Telman Ramazanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zaqatala rayon şöbəsinin rəhbəri Ramil İsmayılov, rayon ziyalısı Sona Qazıyeva və başqaları çıxış edərək, hər bir Azərbaycan vətəndaşının Ali Baş Komandan İlham Əliyevin əmri ilə Vətən torpağını düşməndən azad etməyə hər an hazır olduqlarını bildiriblər.
X X X
Oğuz rayon Mədəniyyət Mərkəzində keçirilən toplantıda Ermənistan silahlı qüvvələri tərəfindən son günlər təmas xəttində törətdilən təxribatlar nəticəsində cəbhə bölgəsində yaranmış vəziyyət, Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri hərtərəfli təhlil olunub, bu təxribatların Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürü olduğu vurğulanıb.
Toplantıda rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov, YAP rayon təşkilatının sədri Saleh Məhərrəmov, rayon Ağsaqqallar Şurasının sədr müavini Xalid Babayev və başqaları çıxış edərək, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində torpaqlarımızın tezliklə düşməndən azad olunacağına əminliklərini ifadə ediblər.
X X X
Son günlər cəbhə bölgəsində Ermənistan tərəfinin qəsdən törətdiyi təxribatların qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədi ilə silahlı qüvvələrimizin həyata keçirdiyi cavab tədbirləri, Azərbaycan Ordusunun qazandığı uğurlar balakənlilər tərəfindən də razılıqla qarşılanır.
AZƏRTAC xəbər verir ki, bu fikir aprelin 4-də Balakən şəhərində keçirilən fəallar yığıncağında səslənib.
Toplantıda vurğulanıb ki, Ermənistan həmişə olduğu kimi, yenə də öz təcavüzkar və işğalçı siyasətini davam etdirir. Düşmən son günlər təmas xəttində törətdiyi təxribatlara cavab olaraq sarsıdıcı zərbə alıb. Azərbaycan Ordusu öz qüdrətini nümayiş etdirərək, işğalçılara layiqli cavab verib, onu öz mövqelərindən geri çəkilməyə məcbur edib.
Çıxış edənlər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin münaqişənin həlli ilə bağlı qətiyyətli və prinsipial mövqeyini hamılıqla dəstəklədiklərini bildiriblər.
AZERTAG.AZ :Ali Baş Komandanın qətiyyətli mövqeyi hamılıqla dəstəklənir
Ali Baş Komandanın qətiyyətli mövqeyi hamılıqla dəstəklənir
Ali Baş Komandanın qətiyyətli mövqeyi hamılıqla dəstəklənir
Ali Baş Komandanın qətiyyətli mövqeyi hamılıqla dəstəklənir
Ali Baş Komandanın qətiyyətli mövqeyi hamılıqla dəstəklənir
Ali Baş Komandanın qətiyyətli mövqeyi hamılıqla dəstəklənir