A–
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan elminin dünya elmi mühitinə inteqrasiyasını təmin etmək üçün elmi fəaliyyətin informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə yenidən qurulması vacibdir. AMEA-nın elmi müəssisə və təşkilatlarına yüksək səviyyəli internet xidmətləri göstərməklə Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin edən, elm və təhsil şəbəkələri üzrə milli operator olan “AzScienceNet” elm kompyuter şəbəkəsi bu məsələlərin həllində mühüm rol oynayır.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Məmmədrəsul Yaqubov “AzScienceNet”də Wi-Fi, “Eduroam”, “Cloud Computing”, monitorinq və informasiya təhlükəsizliyi, “Hosting”, distant təhsil və s. ilə yanaşı, elektron kitabxana xidmətinin də göstərildiyini diqqətə çatdırıb. Bildirilib ki, şəbəkə infrastrukturu əsasında yaradılmış “AzScienceNet”in platformasında yerləşən elektron kitabxana sisteminin qurulma, təhlükəsizlik, miqyaslanma və elastiklik məsələlərinin həlli yolları şəbəkədə tətbiq olunub.
E-kitabxana sistemlərinin təhlükəsizliyi məsələsinə toxunan M.Yaqubov xidmətin davamlı olması və əlyetərliliyinin təmin olunması üçün klassik metodlardan əlavə, virtual serverlərə və ya bulud platformalarına əsaslanan sistemlərin tətbiqinin mühüm əhəmiyyət daşıdığını söyləyib. Onun sözlərinə görə, bulud texnologiyalarının tətbiqi ilə e-kitabxana sistemlərinin istifadəçi profillərinin analizi aparılır: “Bununla da istənilən istifadəçinin maraq dairəsini müəyyənləşdirərək onun fəaliyyət göstərdiyi elm sahəsində kitab, məqalə və jurnalların dünya kitabxana bazalarından toplanması mümkündür”.
AZERTAG.AZ :Azərbaycanda elmi fəaliyyət informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə yenidən qurulur