KANAL S (REGİON TV) xəbər verir ki, şanlı ordumuzun uğurları hamını sevindirir. Azərbaycan xalqı ordumuza göstərdiyi öz mənəvi dəstəyilə əsgərlərimizi yeni-yeni uğurlara ruhlandırır. Şəkidə və İsmayıllıda tələbələr orduya dəstək aksiyası keçiriblər.
Azərbaycan Pedaqoji Universitetinin Şəki filalında baş tutan dəstək aksiyasında universitetin müəllim və tələbə heyəti iştirak edib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər son günlər Azərbaycan ordusunun əldə etdiyi nailiyyətlərdən söz açıblar. Bildirilib ki, Azərbaycan ordusunun şücaəti nəticəsində son bir neçə gündə bir çox strateji mövqelərimiz erməni işğalından azad edilib, yüzlərlə erməni yaraqlısı məhv edilib, düşmənə məxsus hərbi texnikalar sıradan çıxarılıb.
Tələbələr hər zaman düşmənlə mübarizəyə hazır olduqlarını, zərurət yaranacağı təqdirdə böyük həvəslə ön cəbhəyə gedəcəklərini bildiriblər.
Bu təşəbbüsə İsmayıllı tələbələri də həvəslə qoşulub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin keçirdiyi aksiyada Ermənistanın Azərbaycana qarşı silahlı təxribatı nəticəsində həlak olmuş hərbçilərimizin, mülki şəxslərin xatirəsi yad edilib.
Üçrəngli bayrağımıza bürünən insan izdihamı "Vətəni qorumağa hazırıq", "Erməni işğalçıları torpaqlarımızdan rədd olsun!", "Ali Baş Komandanın əmrini gözləyirik", "Yaşasın Arərbaycan ordusu!" şüarları ilə ordumuza dəstək nümayiş etdiriblər.
250-yə yaxın iştirakçının qatıldığı aksiyada ordumuzun düşmən üzərinə uğurlu həmlələri təqdir olunub. Aprelin 1-dən 2-ə keçən gecə cəbhədə keçirilən hərbi əməliyyat Azərbaycan ordusunun bir daha nəyə qadir olduğunu göstərdi. Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən xalqımızın nümayiş etdirdiyi milli vəhdət işğal altında olan torpaqlarımızın azad olunacağını, qələbənin bizimlə olacağını deməyə əsas verir.
Milli.Az