“Cəhənnəmdə böyük çığırtı” kitabı əsir düşmüş soydaşlarımızın acı taleyindən bəhs edir

“Cəhənnəmdə böyük çığırtı” kitabı əsir düşmüş soydaşlarımızın acı taleyindən bəhs edir
13:38 20 Fevral 2015
50 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 fevral, AzərTAc 
“APA Holdinq”in dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunmuş “Cəhənnəmdə böyük çığırtı” kitabının fevralın 20-də təqdimatı olub.
AzərTAc xəbər verir ki, Lent.az informasiya agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında nəşr olunan kitabın müəllifi Vüsalə Məmmədova, ideya müəllifi və redaktoru Qabil Abbasoğludur.
Tədbirdə çıxış edən APA informasiya agentliyinin əməkdaşı İlham Tumas son illər “APA Holdinq”in dəstəyi ilə reallaşdırılan layihələrdən söz açıb. Bildirib ki, bu layihələrin sırasında Azərbaycan həqiqətlərinin yayılması, dünyaya çatdırılması vacib məsələlərdəndir. Məhz bu səbəbdən də bu gün təqdimatı keçirilən bu kitabda torpaqlarımızın işğalı nəticəsində məşəqqətli əsirlik həyatı yaşayan insanların taleyinə güzgü tutulub.
Sonra APA informasiya agentliyi tərəfindən kitabda əksini tapmış materiallar əsasında hazırlanmış qısa film nümayiş olunub.
“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı kitabın ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib.
Qeyd edilib ki, “Cəhənnəmdə böyük çığırtı” adlı kitaba toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdikləri işgəncə və zorakılıqlardan, yaşadıqları dəhşətlərdən bəhs edilir. Kitabın çap olunmasında məqsəd Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin dünyaya çatdırılması yönündə bir addım atmaqdan ibarətdir. Həmçinin müharibənin günahsız insanların taleyinə vurduğu silinməz damğaları yenidən cəmiyyətə çatdırmaq və erməni vandalizminin şahidi olmuş insanların iztirablarını onların öz dilindən təqdim etməkdir. Kitabdakı bir çox faktlar geniş ictimaiyyətə ilk dəfədir çatdırılır.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev belə kitabların hazırlanmasını Azərbaycan xalqının başına gətirilən müsibətlərin dünyaya çatdırılması baxımından yüksək qiymətləndirib. Bildirib ki, kitabı oxumaq insandan böyük iradə tələb edir. Çünki burada yazılanlar erməni vandalizminin şahidi olmuş insanların dilindən səslənir. Bu baxımdan insan kitabda yer almış yazıları soyuqqanlılıqla qarşılaya bilmir.
Xocalı soyqırımının 23-cü ildönümü ərəfəsində çap olunan belə bir kitabın gələcəkdə digər dillərə tərcümə olunmasının vacibliyini vurğulayan Vüqar Əliyev bu istiqamətdə işlərin davamlı olaraq aparılmasının zəruriliyini qeyd edib.
Digər çıxış edənlər kitabın nəşrinin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından önəmini vurğulayıblar.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cehennemde_boyuk_chigirti_kitabi_esir_dusmus_soydaslarimizin_aci_taleyinden_behs_edir-833617

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR