A–
Bakı, 13 aprel, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 13-dən 15-dək Bakı və Sumqayıt şəhərlərində ümumtəhsil müəssisələrinin XI sinfində təhsilalanlar üçün ana dili, riyaziyyat və fizika fənlərindən monitorinq imtahanı keçirir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, monitorinq imtahanlarının keçirilməsi üçün Bakı və Sumqayıt şəhərlərində Azərbaycan dili fənnindən 194 məktəb üzrə 12.512, riyaziyyat fənnindən 191 məktəb üzrə 12.510, fizika fənnindən 260 məktəb üzrə 16.003 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Bütün fənlər üzrə imtahan saat 10:00-da başlanır. İmtahanın müddəti Azərbaycan dilindən 45 dəqiqə, riyaziyyat və fizika fənlərindən isə bir saatdır.
Qeyd edək ki, monitorinq imtahanları regionlarda (Naxçıvan, Gəncə, Şəmkir, Göygöl, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Biləsuvar, Salyan, Lənkəran, Quba, Qusar, Xaçmaz, Babək, Culfa) aprelin 18-də və 19-da aparılacaq.
AZERTAG.AZ :TQDK XI sinif şagirdləri üçün monitorinq imtahanı keçirir