Jurnalistlər Ağdam və Tərtər rayonlarının cəbhəyanı kəndindəki məktəblərdə və hərbi hissədə olublar

Jurnalistlər Ağdam və Tərtər rayonlarının cəbhəyanı kəndindəki məktəblərdə və hərbi hissədə olublar
19:08 20 Fevral 2015
318 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdam, 20 fevral, Tahir Ağaməmmədov, AzərTAc
Təhsil və Müdafiə nazirliklərinin birgə təşkil etdikləri KİV nümayəndələrinin cəbhə bölgəsinə səfərinin ikinci günündə jurnalistlər əvvəlcə Ağdam rayonunun Qaradağlı kənd tam orta tam məktəbinə gəliblər.
AzərTAc xəbər verir ki, media nümayəndələri məktəbdəki şərait və tədris prosesi ilə tanış olub, dərs prosesini izləyiblər. Məktəbin direktoru Gülnurə Muradova bildirib ki, təhsil ocağında 323 şagirdin təlim-tərbiyəsi ilə 48 müəllim məşğul olur. Cəbhə xəttinin bir neçə kilometrliyində yerləşən kənddə demək olar ki, hər gün atəş səsləri eşidilir. Buna baxmayaraq şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir.
Rayon ərazisində olan 42 ümumtəhsil müəssisəsinin 17-nin cəbhə xəttində yerləşdiyini deyən Ağdam Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova deyib ki, rayon məktəblərinin nailiyyətləri, məzunların ali məktəblərə qəbul göstəriciləri ilbəil yüksəlir. Təkcə ötən dərs ilində rayondakı məktəbləri bitirən şagirdlərdən 363-ü tələbə adını qazanıb. Gənclərdən 35 nəfəri 500-600 arası, 12 nəfəri isə 600-dən çox bal toplayıb. Çəmənli kənd tam orta məktəbinin məzunu İlkin Məmmədzadə imtahanlarda 700 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərib.
Məktəbdə şagirdlərin əl işlərindən təşkil edilən sərgi, “Gənc şahinlər”in hərbi hazırlıqlarını nümayiş etdirməsi, Qarabağ müharibəsi veteranı, Azərbaycan Bayrağı ordenli Baxşeyiş Hətəmli ilə söhbət jurnalistlərin marağına səbəb olub.
KİV nümayəndələri sonra Tərtər rayonunun cəbhə xəttində yerləşən Qapanlı kənd tam orta məktəbinə gəliblər. Jurnalistlərə məlumat verilib ki, Ermənistan hərbi birləşmələri tərəfindən rayonun digər cəbhəyanı kəndləri kimi Qapanlı kəndində də atəşkəs rejimi tez-tez pozulur. Lakin buna baxmayaraq, kənddə vəziyyət sabitdir. Həyat öz axarı ilə davam edir. Sakinlər Azərbaycan ordusuna güvənərək gündəlik məişət və təsərrüfat işləri ilə məşğul olurlar.
Təmas xəttinə yaxın məsafədə yerləşən əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Hər bir evə içməli su və telefon xətti çəkilib, qaz və elektrik problemləri həll edilib. Kənddə 240 şagird yerlik yeni orta məktəb binası inşa olunub, müharibə zamanı dağıdılmış evlər bərpa edilib, kəndarası yolda gecə işıqlandırma sistemi quraşdırılıb. Hazırda kənd yolunun asfaltlanması davam etdirilir.
Məktəbin direktoru Fitat Əliyeva qeyd edib ki, təhsil ocağının 19 şəhid məzunu var. Düşmən tez-tez atəşkəsi pozur, dinc əhaliyə də atəş açılır. Məktəbin 6-cı sinif şagirdi Qərib Rzayev, 7-ci sinif şagirdi Rahil Həsənov və 8-ci sinif şagirdi Əfqan Hüseynov düşmənin açdığı atəş nəticəsində qətlə yetiriliblər.
Direktor diqqətə çatdırıb ki, atəşkəsin tez-tez pozulmasına baxmayaraq təmas xəttinin bir neçə yüz metrliyində yerləşən məktəbdə dərslər öz ahəngi ilə gedir. Ötən tədris ilində məktəbi bitirən 13 məzundan 7 nəfəri ali məktəbə qəbul olub.
Daha sonra jurnalistlər məktəbin şagirdləri ilə birgə N saylı hərbi hissədə əsgər və zabitlərlə görüşüblər.
Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, səfər ölkədə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaq məqsədi daşıyır. İnfotur jurnalistlərin cəbhə bölgəsində yaşayan əhalinin həyat şəraiti, ümumtəhsil ocaqlarının fəaliyyəti, Azərbaycan Ordusunun gücü barədə dolğun məlumatlandırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Xüsusi təyinatlı qrup döyüş bacarığını nümayiş etdirib. Zabit və əsgərlər döyüş silahları və hərbi sursatların təyinatı, onlardan istifadə qaydaları barədə jurnalistlərə və şagirdlərə məlumat veriblər.
Qonaqlar hərbi hissədə əsgərlərin xidmət və məişət şəraiti ilə tanış olub, onlarla birgə nahar ediblər.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Jurnalistler_Agdam_ve_Terter_rayonlarinin_cebheyani_kendindeki_mekteblerde_ve_herbi_hissede_olublar-833755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR