Nə fərqi, Şaxta baba kimdi

Nə fərqi, Şaxta baba kimdi
14:39 2 Yanvar 2015
172 Digər
Ölkə mətbuatı
A- A+

 

Yeni ili  qarşılamağı çox sevirəm. Çoxları  sevir bu bayramı. Hətta  Novruz bayramından  çox sevdiyini deyənlər də var. İndi kimsə buna “milli xəyanət” deməsin, daha ağıllı, milli, vətənpərvər ,...olduğunu göstərmək üçün söyüş söyməsin. Bu təbiidi, hər kəsin daha çox sevdiyi  bayramı, ya bütün bayramlardan üstün bildiyi əziz, özəl günü var. Novruzun çox gözəl adətləri var. Bilirik, bunları saymaq amacım yoxdu, amma Novruzda da bir yaşıllıq-təzəlik, bərəkət rəmzi var: SƏMƏNİ. Evlərimizdə masamızın üstdə mütləq səməni olmalıdı Novruzda, ürəyimizi, gözümüzü oxşayan, təravət dolu, özünəməxsus qoxulu səməni. Yeni ildə də bu var: soyuq qışda, ağacların çılpaqlığının üşütdüyü günlərdə həmişəyaşıl  küknarı bəzəyirik. Məncə, bu yaşıl rəngin dini bir tərəfi yoxdu. Bu, sadəcə insanların  sabahlarını, gələn günlərini  yaşıl, bərəkətli, yaz qoxulu görmək istəyidi . Əminəm ki, belədi. Ona görə yolkanı-yamyaşıl küknarı bəzəyirik. Sonra al-əlvan gözəl oyuncaqlar asırıq. Bunu xüsusi zövqlə, həvəslə edirik. Yəni gələn günlərimiz al-əlvan, bərli-bəzəkli olsun deyə. Hələ  işıqlar... Necə gözəl görünür. Mən işıqları yanan yolkaya baxmaqdan doymuram, uşaq sevinci yaşayıram. Sonra Şaxta baba, onun saflıq, bəyazlıq rəmzi kimi Qar qız nəvəsi. Özü də xoşniyyətli, xeyirxah və mütləq hədiyyəlidi  Şaxta baba. Uşaqlıqda Şaxta babaya inanırıq. Bunun da özəlliyi-gözəlliyi  var: “Şaxta babaya məktub yaz, istədiyini gətirəcək” inamı yaradır. Ata-analar da uşaqların arzusunu öyrənir və onu yerinə yetirməyə çalışırlar. Yaşından asılı olmadan əziz biri üçün də bunu edənlər olur. Yeni ilin ilk səhərində  onlara sevinc yaşadırlar. Əslində arzunun gerçək olacağına, ən əsası buna kömək edəcək bir babanın – birinin olduğuna inanmaq çox önəmlidi. O qədər arzuların olur ki, gözəl-gözəl. Və inam əsasdı. İstəyirsən dünyaya-bütün insanlara ünvanlayasan. İstəyirsən hamı xoşbəxt olsun, ürəkləri gülsün. İstəyirsən gerçəkləşsin  arzuların. Beləcə yeni ili gözləyirsən. Yolkanın işıqlarını yandırıb, işıqlı günlərin olacağına inanırsan. Doğmalarçün hədiyyələr qoyursan küknarın altına, yeni ilin ilk sabahı əliboş olmasın deyə. Kədərli olsa da, heç hədiyyə ala bilməyənlər olduğunu da, doğma ocaqlarından didərgin olanları, yeni ildə sevinməyən torpaqlarımızı, ordakı dağılan-dağılmayan tənha evləri də xatırlarsan bəlkə. Birdən yadına internetdə ikinci sinif dərsliyindən paylaşılan “Təzə il” şeiri düşər:

Bürünübdü çöl-çəmən ağappaq bəyaz qara.

Ağ qardan don biçilib bağçalara, bağlara.

Ermənilər qoymayıb Laçına, Kəlbəcərə

Şaxta babayla Qar qız  gəlib çıxıb şəhərə.

Hələ altında tapşırıqlar da var, suallar da var. Məsələn, Şaxta baba ilə Qar qız niyə Laçına, Kəlbəcərə gedə bilmədi?  Mən bilmirəm, bunu müəllimlər necə izah edir, balacalar necə anlayır. Amma qəribə əsəbi şərhlər ağlına gəlir: Şaxta baba gücsüz, qorxaq təqdim olunur şeirdə - deyə, birinə heyrətlənərsən. Şaxta babaya acıyarsan. Bir az da “təsəlli” taparsan : Şaxta baba gedə bilmirsə, biz necə gedək? Necə olsa, Şaxta babadı, hər yerə getmək imkanı var, o gedə bilmirsə... Özünə təsəlli verirsən. Ümumilikdə biz təsəlli  sevən millətik. Təki dərd olsun. Sevinc deyil ki, nəsə bir “əmma” axtaraq. Sonda anlayarsan ki, demə, müəllif  Mürvət Qədimoğlunun da Şaxta babadan istəyi varmış, onu yazıb:

Arzumdur Şaxta baba

Qar yağdırsın hər bağa.

Bizi qonaq çağırsın

Gələn il Qarabağa.

Oxuyarsan, gələn illər ha çox...sən də nələr arzulayarsan: Ən əvvəl şerə düzəliş eləmək istəyirsən:

Laçına,Kəlbəcərə, Şuşaya qoymayaydıq.

Kaş ki, erməniləri biz hər yerdən qovaydıq.

Qəlbimiz sevinəydi , sevincdən doymayaydı.

Şaxta babayla Qar qız bizə qonaq olaydı...

Və s...Şaxta baba da gəlib bizə səslənəydi: EHEHEY...Mənim əziz balalarım, afərin sizə. Sonra sehrli  çubuğunu yerə vuraydı və bütün evlərdə işıq yanaydı...Nə gözəl olardı. Özümüzə-hamımıza bunu arzuladım. Nədən Şaxta baba, ya bir başqası bizi  öz elimizə-evimizə qonaq çağırmalıdı, anlamadım. Nəsə, bu da arzumdu. Ən böyük arzum.

 

Beləcə yeni ili, Şaxta babanı düşünürdüm. Nələrsə istəyirdim, söhbətləşirdim ürəyimdə Şaxta babayla və...Və Əbülfət Mədətoğlunun “Saxta baba” yazısını xatırladım. Əslində həqiqəti yazmış. Tamam. Böyüyəndə Şaxta babanın saxta olduğunu anlayırıq. Amma  hədiyyə gətirən, arzularımızı yerinə yetirməyə çalışan kimsə olur. Sadəcə böyüdükcə  Şaxta babanın  saxta olması  deyil, rastlaşdığımız babaların kömək etmək duyğusunun olmaması ağrıdır bizi. Arzularımızı, xəyallarımızı məhv edənlər, məhv etməyə çalışanlar ağrıdır bizi. Aldadanlar, aldandıqlarımız, saxtalar, saxtakarlıqlar xəyallarımızı söküb dağıdır. Kaş ki, içimizdə Şaxta babaya inam ölməsin. Məncə ölmür də. İstər-istəməz balacalara da, əzizlərimizə də imkanımız çatınca arzuladıqlarını almağa çalışırıq, inansınlar, istəyirik. İstər-istəməz Yeni il ərəfəsində ürəyimizdə Şaxta babaya məktub yazırıq, pıçıldayırıq: ”arzularımı yerinə yetir” deyə. Arzularımız yerinə yetsin. Təki qapımızı bir Şaxta baba açsın. Biz də nələrə qadir olduğumuzu göstərək, bacarığımızla, bacardıqlarımızla öyünək. O da gülərək desin: Afərin, balalarım. Bax, bu gözəl işlərinizə görə hər birinizə hədiyyə gətirmişəm.

Biz də layiq olduğumuz hədiyyələri alıb sevinək. Nə fərqi, o Şaxta baba kimdi? Yeni iliniz mübarək. HƏ, bir də Həmrəylik bayramınız mübarək. O böyük İnsan bilirdi ki, bizim həmişə həmrəyliyə ehtiyacımız var. Ona görə bizə bu bayramı da miras qoydu. Bildiz kimi deyirəm? O böyüyü - Heydər Əliyevi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR