Milli Məclisin deputatı ATƏT PA-nın qış sessiyasında Azərbaycanda gender bərabərliyi və qadın hüquqlarının qorunmasındakı uğurlardan danışıb

04:23 21 Fevral 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+


Vyana, 21 fevral, AzərTAc
Fevralın 18-dən 20-dək Vyanada keçirilən ATƏT-in Parlament Assambleyasının 14-cü qış sessiyasında gender məsələləri üzrə iclas təşkil olunub.
İclasda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, Ümumdünya İqtisadi Forumunun ekspertlərinə görə, dünyanın hələ heç bir ölkəsi iqtisadiyyat, siyasət, təhsil və səhiyyədə kişi və qadınlar arasında tam bərabərhüquqluluğa nail ola bilməyib. Gender diskriminasiyası müxtəlif formalarda həm Qərb, həm də Şərq ölkələrində mövcuddur. Lakin Azərbaycan qadın hüquqları sahəsində tarixi təcrübəyə malikdir. Belə ki, Şərqdə ilk dəfə olaraq məhz Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericilik aktları qəbul olunub və 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən qadınlara seçki hüququ verilib.
Azərbaycan bu gün qadınların hüquqlarının qorunması sahəsində bir çox uğurlara imza atıb və ATƏT-in üzvü kimi bu sahədə qanunvericiliyi modernləşdirib. Həmçinin gender bərabərliyi “Azərbaycan – 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının strateji məqsədlərindən biridir və bu sahədəki məsələlər dövlətin diqqət mərkəzindədir.
Eyni zamanda, Azərbaycanın gender bərabərliyi sahəsində beynəlxalq dialoq mərkəzinə çevrildiyini diqqətə çatdıran R.Aslanova son illərdə ölkəmizdə bu sahədə bir sıra mühüm regional və beynəlxalq tədbirlərin keçirildiyini qeyd edib. Azərbaycan, həmçinin yerləşdiyi regionda gender bərabərliyi sahəsində nümunəvi dövlətdir, ölkənin ictimai-siyasi həyatında qadınlar xüsusi rol oynayırlar, təhsil sektorunda çalışanların 70, səhiyyə sektorunda çalışanların isə 60 faizə yaxını qadınlardır. 2014-cü ildə keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə əsasən Azərbaycanda bələdiyyələrə seçilən qadınların sayı 2004-cü il seçkiləri ilə nisbətdə doqquz dəfə artıb.
Deputat bildirib ki, bütün bu uğurlar və müsbət göstəricilərlə yanaşı Azərbaycanda bu sahədə bəzi problemlər də qalmaqdadır. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin 20 faiz ərazisi işğal olunub, bir milyondan çox vətəndaşın, o cümlədən qadınların insan haqları pozulub. Qaçqın və məcburi köçkünlər arasında qadınların əksəriyyət təşkil etdiyini vurğulayan R. Aslanova həmin insanların hüquqlarının hələ də bərpa olunmadığını deyib. O Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən beynəlxalq təşkilatların qərarlarına məhəl qoymayan Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasəti nəticəsində həmin insanların hələ də öz ata-baba torpaqlarına qayıda bilmədiklərini diqqətə çatdırıb.
Elgün Niftəliyev
AzərTAc-ın xüsusi müxbiri,
Vyana

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Meclisin_deputati_ATAT_PA_nin_qis_sessiyasinda_Azerbaycanda_gender_beraberliyi_ve_qadin_huquqlarinin_qorunmasindaki_ugurlardan_danisib-833866

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR