A–
Bakı, 20 aprel, AZƏRTAC
Dünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Jujanna Yakab Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevə minnətdarlıq məktubu ünvanlayıb.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanda qızılca və məxmərək xəstəliyinin eliminasiyası (tam ləğvi) münasibətilə göndərilən məktubda bildirilir ki, Avropanın 32 ölkəsində qoyulan tələblər tam yerinə yetirib. 2012-2014-cü illər ərzində 21 ölkədə qızılcanın, 20 ölkədə isə məxmərəyin ləğvinə tamamilə nail olunub.
Azərbaycanın bu sırada ön yerlərdə olduğundan Jujanna Jakob məktubunda Qızılca və Məxmərəyin Verifikasiyası üzrə Komitəsi adından, eləcə də DST Katibliyi adından səhiyyə naziri Oqtay Şirəliyevi təbrik edib. O da qeyd edilib ki, Komitə qızılca və məxmərəyin aradan qaldırılması məqsədilə ölkəmizdə icbari dispanzerizasiya və bu kimi əlavə tədbirlərin həyata keçirilməsini yüksək qiymətləndirir. Xanım Y.Yakob bu xəstəlikləri tamamilə ləğv etmiş ölkə statusunun daim qorunub saxlanılması üçün həssas əhali arasında epidemioloji nəzarətin davamlı olmasının vacibliyini vurğulayıb.
Sonda Azərbaycanın bu sahədə qazandığı uğurların Avropa regionunda qızılca və məxmərəyin ləğvinə böyük töhfə verdiyi vurğulanıb.
AZERTAG.AZ :Dünya Səhiyyə Təşkilatının rəsmisi Azərbaycanın səhiyyə nazirinə minnətdarlıq məktubu ünvanlayıb