Argentinada Ermənistan-Azərbaycan münaqişəsinə dair kitabın təqdimatı keçirilib

16:03 21 Fevral 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə Azərbaycanın Argentinadakı Səfirliyi tərəfindən “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Argentinanın icraedici və qanunverici orqanlarının, elmi-akademik dairələrinin, ictimai təşkilatlarının, ölkədə akkreditə olunan diplomatik korpusun nümayəndələri iştirak etmişlər.

Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının təşəbbüsü ilə dərc olunan kitabın ön sözünün müəllifi həmin kafedranın əlaqələndiricisi professor Paulo Bottadır. Kitabda Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin rəsmi sənədləri kimi yayılmış məruzələr, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələri, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair xəritə və müvafiq statistik məlumatlar öz əksini tapmışdır.

Tədbirdə çıxış edən Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Xocalı soyqırımının anılmasının 23-cü ildönümü münasibətilə Argentinada ispan dilində “Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT-nin sənədləri toplusu” adlı kitabın dərc edilməsinin dünyanın ispandilli oxucularına Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair həqiqətlərin, habelə məsələ ilə bağlı dünyanın ən böyük beynəlxalq təşkilatının nüfuzlu oqranlarının münasibətinin çatdırılması üçün önəmini qeyd etmişdir. Kitabdakı Xocalı soyqırımına dair sənədi xüsusi olaraq vurğulayan M.Əhmədzadə, həmin sənədin Xocalıda baş vermiş cinayətin müəllifləri, onun kvalifikasiyası və ona münasibətdə beynəlxaq hüquqi məsuliyyətin müəyyənləşdirilməsi üçün əhəmiyyətli mənbə olduğunu qeyd etmişdir.

Sonra çıxış edən professor Paulo Botta bildirmişdir ki, İberoamerika bölgəsində ilk və hələ ki, yeganə olan Azərbaycanşünaslıq kafedrasının öz fəaliyyətinin üçüncü ilində belə bir təşəbbüslə çıxış etməsinin səbəbi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı obyektiv və dolğun məlumatın ispandilli ictimaiyyətə çatdırılmasıdır. P.Botta kitabdakı sənədlər barədə məlumat vermiş və kitabın Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətini, tarixini, nizamlanması üçün hüquqi əsaslarının öyrənilməsi nöqteyi-nəzərdən dəyərli mənbə olduğunu bildirmişdir. P.Botta münaqişəyə dair digər nüfuzlu beynəlxalq və regional təşkilatlar tərəfindən də BMT-nin mövqeyinə uyğun çoxsaylı sənəd və qətnamələrin qəbul edildiyini və bütün bu sənədlərin münaqişənin həlli üçün önəmli hüquqi-normativ baza təşkil etdiyini vurğulamışdır.

Tədbirin sonunda Xocalı soyqırımına dair ispan dilində film nümayiş etdirilmişdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/karabakh/2366819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR