Türkiyənin baş naziri Əhməd Davudoğlunun gözlənilməz istefası bütün dünyanın diqqətini Türkiyəyə topladı. Bu fonda ən çox gözlənilən isə, heç şübhəsiz, prezident Rəcəb Tayyib Ərdoğanın reaksiyası idi. Ötən gün o, bir cümlə ilə baş verən hadisələri şərh etdi. Lakin bu, yetərli olmadı. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Ərdoğan ilk dolğun açıqlamasını hakim partiya - Ədalət və İnkişaf Partiyası (AKP) üzvlərinə verib.

Ərdoğandan Davudoğlunun istefasına reaksiya - "Bu işin uzanması ziyanlı ola bilərdi"

"Vəzifəmdən istefa verirəm"

“Baş nazirlə aparılan qiymətləndirmədən sonra o, partiyanın qurultayını çağıracağını dedi. Mən də xeyirli olsun dedim. Necə ki mən ona bu vəzifəni təhvil verdim, o da başqasına verər. Bu işin uzanması zərər verə bilərdi. Biz hər zaman özümüzü yeniləyərək güclənən bir hərəkatıq. Bu günə kimi heç kimsə, heç bir hərəkət birliyimizi poza bilmədi, bundan sonra da poza bilməz. Özümüzü yeniləyərək daha da güclənəcəyik".

Ərdoğan hazırda ölkədə olan idarəçilik üsulundan da şikayətlənib. O, partiyasına (red. AKP) özünün üzv ola bilmədiyini deyib. "Bütün əlaqəm kəsilib. Bu, doğru deyil. Dövlət içində ikibaşlılıq olmaz".

Davudoğlunu qarşılamaq üçün Konya hava limanına toplaşanlar
Davudoğlunu qarşılamaq üçün Konya hava limanına toplaşanlar

Ötən gün keçirilən AKP qurultayında istefasını açıqlayan Türkiyənin baş naziri Əhməd Davudoğlu anadan olduğu şəhərə - Konyaya gedib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, 22 mayda keçiriləcək qurultayda namizəd olmayacağını açıqlayan Davudoğlunu qarşılamaq üçün onlarla həmyerlisi hava limanına toplaşıb. Toplaşanlar əyinlərinə onun fotoları əks edilən geyimlər geyiniblər. Konya hava limanında toplaşanların qarşısına çıxan nazir ancaq bir cümlə deyib: "Sağ olun. Cüməniz mübarək olsun, Allah ölkəmizə zaval verməsin".

Bundan başqa Ə.Davudoğlunun bu gün Dənizliyə olan səfəri də təxirə salınıb. Şəhərdə İqtisadi Koordinasiya Şurasının toplantısı olmalı idi. Lakin baş nazirin ötən günkü qərarından sonra tədbir təxirə salınıb. ​

Əhməd Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra 2014-cü ildə Davudoğlunu baş nazir vəzifəsinə təyin edib.