Artıq üç ildir ki, ənənə halını almış Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş AMEA Gənc Alim və Mütəxəssislərinin III Futbol Çempionatı başa çatıb. 25 aprel 2016-cı il tarixindən start götürən Çempionat 13 may 2016-cı il tarixində final oyunu ilə başa çatmışdır. Finalda Fizika İnstitutunun komandası Geologiya və Geofizika İnstitutunun komandası ilə qarşılaşdı. Meydana çıxan fiziklər: 1 nömrədə qapıçı Dadaşov Murad, 10 nömrədə Cəlalov Bahadur, 6 nömrədə Dəmirov Qafil, 90 nömrədə Abışov Rafail, 13 nömrədə Bağıyev Elnur, 7 nömrədə Hadiyev Xalid, 9 nömrədə Nağıyev Tural, 11 nömrədə Paşayev Sənan komandanın mükəmməlliyini öz oyunları ilə sübut etdilər.
Gərgin keçən oyunda fiziklər rəqib geoloqlar üzərində 5:3 hesabı ilə qələbə qazanaraq çempionatın kubokunu başları üzərinə qaldırdılar. Etiraf edilməlidir ki, rəqib komanda da çox güclü komanda idi. Geologiya və Geofizika İnstitutunun komandası da Çempionat dönəmində qrup oyunlarından final mərhələsinədək keçirdiyi bütün görüşlərdə çox güclü oyun nümayiş etdirərək yenilməyən komanda idi. Məhz bu səbəbdən də fiziklər rəqib komanda üzərində mütləq qələbə qazanmaq üçün öz üzərlərində ciddi hazırlaşırdılar.
Ümumiyyətlə, bir haşiyəyə çıxaraq qeyd edək ki, Fizika İnstitutunun futbol komandasi AMEA institut və təşkilatlarının komandaları içərisəndə ilk üçlükdə olan güclü komandalardan biridir. Statistikaya birlikdə diqqət yetirsək, görərik ki, 2014-cü ildə - I Futbol Çempionatında 2-ci yeri, 2015-ci ildə - II Futbol Çempionatında 4-cü yeri tutan fiziklərin birinci yer iddiası heç də təsadüfdən reallaşmamışdır. Güclü fiziklər komandası öz sözünü elmdə dediyi kimi oyunda da dedi. Çempionatın püşkatmasında Fizika İnstitutu C qrupunda yer almışdı. Komandanın bu qrupdakı rəqibləri Genetik Ehtiyatlar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu və Şərqşünaslıq İnstitutu idi. Çempionatın ikinci günündə Fizika İnstitutunun komandasının ilk oyunu rəqibi Şərqşünaslıq İnstitutu ilə olmalı idi. Lakin Şərqşünaslıq İnstitutunun komandası oyundan imtina etdiyinə görə Fizika İnstitutunun komandasının hesabına 3 xal yazıldı. İlk oyunda rəqib futbolçuların oyuna çıxmaması fizikləri aldıqları asan qələbə ilə bir az mütəssir etdi. Növbəti oyunlarını genetiklərlə oynayan fiziklər bu oyunda 7:2 hesabı ilə rəqiblərinə qalib gəldilər. Qazandıqları qələbələrin təsadüf olmadığını sübut edən Fizika İnstututunun komandası növbəti qrupdaxili görüşünü Memarlıq və İncəsənət İnstitutunun komandası ilə keçirərək bu görüşdən də 16:2 hesabı ilə qalib ayrılmışdılar. Çempionatın 1/4 mərhələsində Fizika İnstitutu İnformasiya Texnologiyaları İnstitutu ilə qarşılaşıb. Bu qarşılaşmadan da gənc fiziklərin komandası 4:0 hesablı qələbə ilə ayrılıblar.
Bu böyük hesablı qələbələrdən sonar Fzika İnstitutunun komandası çempionatın ən güclü komandası kimi etiraf edilməyə başladı. Rəqib komandalar taktikalarında dəyişikliklər haqqında düşünürdülər. Amma fiziklərlə oyuna girən rəqib komandanın futbolçuları ən güclü oyunçuları neytrallaşdırmağa çalışsalar da fiziklərin anidən qurduqları pressinqlər rəqibi oyuna yenidən başlamaq üçün meydanın mərkəzinə gətirirdi. Deyilənlər yarımfinalda çemponatda ikinci dəfə Genetik Ehtiyatlar İnstitutunun komandası ilə qarşılaşan Fizika İnstitutunun komandasının oyununda əyani görünürdü. Belə ki, fiziklər bu oyunda 4 dəfə meydanın mərkəzindən oyuna başlasalar da, anlayışlı kombinasiyalar quraraq rəqibi 7 dəfə meydanın mərkəzinə dəvət etdilər. Yəni oyun 7:4 hesabı ilə fiziklərin xeyrinə başa çatdı. Bununla da Fizika İnstitutunun komandası tarxixində ikinci dəfə finala vəsiqə qazandı. Qeyd edək ki, bu komandalar 2014-cü ildə I Futbol Çempionatında da qarşılaşmışlar və əsas və əlavə vaxtlarda hesab eyni olduğundan sonda qalib penaltilər seriyası ilə müəyyən edilmişdir. Həmin il qələbəni bayram etmək Geologiya və Geofizika İnstitutuna müyəssər olmuşdur.
AMEA Gənc Alim və Mütəxəssislərinin III Futbol Çempionatının təntənəli bağlanış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, AMEA Rəyasət Heyətinin İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, Fizika İnstitutunun direktoru AMEA-nın müxbir üzvi Nazim Məmmədov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev Fizika İnstitutunun direktor müavinləri akademik Cavad Abdinov, professor Ayaz Bayramov, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri dosent Famin Salmanov, Fizika İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri Sitarə Bağırova, Fizika İnstitutunun baş mühasibi İradə Qulubəyova və digər şəxslər iştirak edirdilər. Tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək qalibləri səmimi və isti sözlərlə təbrik etdi. O bildirdi ki, Fizika İnstitutu elmdə böyük nailiyyətlər əldə edir, uğurlu beynəlxalq əlaqələrini genişləndirir. Fizika İnstitutunun komandasının qalib olması bu elmi müəssisənin elmdə olduğu ki, idman sahəsində də öndə olduğunun göstəricisidir. A.Əlizadə onu da qeyd etdi ki, oyunlar demokratik və yüksək səviyyədə təşkil olunub, hakimlər də yarışları ədalətli idarə edirdilər.
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov budəfəki çempionatda Akademiyanın müxtəlif institut və təşkilatlarından olmaqla, ümumilikdə 16 komandanın iştirak etdiyini və hər bir mərhələ üzrə oyunların maraqla keçdiyini söylədi.
Gənc fiziklərin bu yarışmada uğur qazanmalarının ən böyük təşkilatçılarından olan, daim onlara diqqət və qayğı göstərən Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, İnstitutun Həmkarlar İttifaqı Komitəsinin sədri Sitarə Bağırova da komandanı möhtəşəm qələbələr münasibətilə təbrik edib, komanda üzvlərinə bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayıb.
Genetik Ehtiyatlar İnstitutunun komandası ilə Neft-Kimya Prosesləri İnstitutunun komandası arasında 3-cü yer uğrunda mübarizədə 6:2 hesabı ilə Genetik Ehtiyatlar İnstitutunun komandası qalib gəlmişdir.
Yusif Alıyev,
fizika üzrə fəlsəfə doktoru, dosent
Milli.Az