Vaxtilə Azərbaycan futbolunun əsas simalarından sayılan Vadim Vasilyev son illər kölgədə qalıb. Futbolla bərabər mətbuatdan xeyli uzaqlaşan Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu hazırda məşqçilik fəaliyyəti ilə məşğuldur.
Oynadığı dövrdə vurduğu qollarıyla azarkeşlərin rəğbətini qazanan Vadim nədənsə unudulub. İki gün əvvəl 43 yaşını qeyd edən veteran hücumçu Azərbaycanda "Neftçi", "Qarabağ", "Bakı" və bir çox klubların şərəfini qoruyub. Bu günlərdə idmanxəbər.com saytı Vasilyevdən müsahibə götürüb.
Milli.Az publika.az-a istinadən həmin müsahibəni təqdim edir.
- Vadim bəy, hazırda nə işlə məşğulsuz?
- AFFA-nın "Fidan" komandası var. Bu klubun baş məşqçisiyəm.
- Çoxdandır sizdən səs-soraq yoxdur. Futbolçu karyeranızı bitirdikdən sonra sizi hansısa Premyer Liqa və ya Divizion klublarının başında görə bilmədik. Səbəb nədir?
- Bilmirəm. Təkliflər olmadı. Özüm bir neçə klubun qapısını döydüm. "Qarabağ", "İnter" və başqa komandalara müraciət etdim. Ancaq nəticə olmadı.
- Sizə şərait yaradılmamasının səbəbi nədir?
- Açığı, özüm də bilmirəm. Hamısı dedi ki, gözlə. Ümid verdilər, iş vermədilər.
- AFFA-nın baş katibi ilə görüşmüsünüzmü?
- Bəli, bu yaxınlarda görüşdüm. 2 ay bundan öncə mənə dedi ki, xəbər olsa, deyəcəm. Konkret heç nə demədi, yalnız gözləməyi məsləhət gördü.
- Hazırda millidə hücumçu problemi var. Sizcə, bunun səbəbi nədir?
- Bəli, mən getdikdən sonra bir də Qurban Qurbanov karyerasını bitirdikdən sonra millidə yaxşı hücumçu olmadı. Bilirsiz, hücum elə mövqedir ki, gərək qol duyumun, mövqe seçimin ola. Ancaq mən bunu indiki hücumçularda görmürəm. Gərək hücumçu özü-özünə şərait yarada.
- Yaxşı hücumçuların yetişməməsinin səbəbini nədə görürsüz?
- Məşqçilərdə. Gərək məşqçilər hücumçularla hərtərəfli işləsinlər.
- Hazırda millimizdə hansı hücumçunu bəyənirsiz?
- Amil Yunanovun oyunu xoşuma gəlir. Bax, bu futbolçu çoxdan milliyə çağırılmalı idi. Onun oyun üslubu mənimkinə bənzəyir. Onun qol duyumu, mövqe seçimi yaxşıdır.
Milli.Az