Bakı, 24 fevral, Tərgül Ağayeva AzərTAc
Fevralın 24-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunan anma mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, tədbirdə universitetin rektoru, professor Havar Məmmədov təpədən-dırnağadək silahlanmış erməni quldurlarının Xocalıda törətdikləri qırğınlardan danışıb.
H.Məmmədov bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Xocalıdakı insanlar yalnız etnik mənsubiyyətlərinə, azərbaycanlı olduqlarına görə vəhşicəsinə öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. Çox yaxşı haldır ki, Azərbaycan Xocalı faciəsini dünya ölkələrində təbliğ etməyi bacarır. Bu hadisənin dünya ictimaiyyətinə çatdırılması üçün xaricdə azərbaycanlılar xüsusi təbliğat işləri aparırlar.
Tökülən günahsız qanların yerdə qalmayacağını diqqətə çatdıran rektor gəncləri Vətən yolunda həmişə mərd və mübariz olmağa çağırıb.