Azərbaycanda kişilərin 40-60%, qadınların isə 2-10% siqaret çəkir. Bu vərdiş 20 yaşından 60 yaşına kimi insanlar arasında daha geniş yayılıb. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri institutunun direktor müavini İradə Axundova bunları ölkədə siqaret çəkənlərlə bağlı mövzuya münasibət bildirərkən qeyd edib. O qeyd edib ki, Azərbaycanda ölüm göstəricisinin 82%-i tütün çəkmək ilə əlaqədardır. Siqaret istifadəsi 25-dən çox ciddi xəstəliyin yaranmasına səbəb olur: "Siqaret çəkən analarda hamiləlik zamanı uşaq orqanizminə qan vasitəsilə ona mənfi təsir edən nikotin daxil olur ki, bu da onun inkişafına mənfi təsir edir. Həmin uşağın əsasən başı, beyini və qara ciyəri zərər çəkir. Siqaret çəkən qadınlar arasında anadangəlmə uşaq patologiyalarına 2 faizdən çox rast gəlinir. Siqaret çəkən insanların 90 faizdən çoxu buna məktəb yaşından başlayır. Azərbaycanda da yeniyetmələr, uşaqlar arasında tütün çəkmə halları var".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, psixoloq Elnur Rüstəmov fikirlərini bölüşərkən deyib ki, ölkədə siqaret çəkənlərin sayının çoxluğu kifayət qədər narahatlıq yaradan bir amildir: "Yaşlı nəsil siqaretdən qurtulmağa çalışarkən, cavan nəsil siqaretə tərəf can atır. Təbii ki, siqaretə meyl etmənin bir çox ciddi amilləri var. Ölkədə KİV-lərdə dolayısı ilə bunun bir reklamı gedir. Kliplərdə, seriallarda siqaret çəkən şəxslərin çoxluğu, onların müsbət bir qəhrəman kimi verilməsi təbii ki, cavan nəsilə təsir edir. Bu da kifayət qədər narahatlıq yaradan bir amildir. Eyni zamanda siqaret satılan yerlərin kifayət qədər əlçatan olması də bu məsələdə önəmli rolu var. Ən narahat edici məqamlardan biri də Azərbaycanda qadınlar arasındada siqaret çəkmə hallarının çoxalması ilə bağlıdır. Belə ki, artıq ölkədə siqaret çəkən qadınların siqaret çəkməsi ətrafda təəccüb doğurmur. Siqaretin neqativ təsirləri ilə bağlı ciddi sosial çarxlar hazırlanmalı və şəhərin müxtəlif yerlərində reklamlar yerləşdirilməlidir. Bu gün siqaretlə mübarizə əsas maarifləndirici yolla aparılmalıdır. Düşünürəm ki, siqaretlə mübarizə istiqamətində mütləq təxirəsalınmaz addımlar atılmalıdır".

Nefroloq Kamil Müslümov fikirlərini bölüşərkən deyib ki, siqaret aludəçiliyi insanlarda sonsuzluq kimi ciddi xəstəliklərə də yol aça bilir: "Siqaretin insan həyatında çox mənfi rolu var. İlk olaraq ağciyər xəstəliklərinin artmasına səbəb olur. Siqaretə kiçik yaşlarda başlayan insanlarda ağciyər xəstəliyi, tənəffüs çatışmazlığı sindromu mövcud olur. Bu da tək Azərbaycanda deyil, bütün dünyada artan problemlərdəndir. Ağciyər xəstəlikləri ilə yanaşı qan-damar xəstəliklərinin də yaranmasına səbəb olur. Ölkədə qan-damar xəstəliklərinin yaşı kifayət qədər cavanlaışıb. Nikotinin təsiri ilə damarların zədələnməsi baş verir. Bu da gələcəkdə ciddi əməliyyatların keçirilməsinə, həm maddi, həm də həyatı risk tərəfindən böyük fəsadlara səbəb olur. Hal-hazırki dövrdə 30-35 yaşlarında qan damar xəstəlikləri 10 il əvvəl ilə müqayiəsədə 5 dəfə artıb. Siqaret aludəçiliyi insanlarda sonsuzluq kimi ciddi xəstəliklərə də yol aça bilir. Damarların zədələnməsi bu kimi ciddi fəsadlara gətirib çıxardır. Qadınların siqaret çəkmələri isə kifayət qədər ciddi risklər yaradır. Belə ki, həmin qadınların ana olan vaxtı uşaqlarında ciddi fəsadlara yol aça bilir".

Milli.Az